İqtisadiyyat

“İnklüziv biznes təkcə işçi götürmək deyil”-

"Kaşalata Cafe"nin təsisçisi

Metbuat.az

İnklüziv biznes qurmaq təkcə işçi götürməkdən ibarət deyil, bu proses həm də düzgün planlama, idarəetmə və davamlı dəstək tələb edir.

Metbuat.az xəbər verir ki, bu fikirləri Azərbaycanın ilk inklüziv kafesi olan “Kaşalata Cafe”nin təsisçisi Natavan Məmmədova İslam İnkişaf Bankı Qrupunun 2026-cı il Özəl Sektor Forumu çərçivəsində keçirilən panel müzakirəsində çıxışı zamanı ilk sahibkarlıq təcrübəsində qarşılaşdığı çətinliklərdən danışıb.

Onun sözlərinə görə, əlilliyi olan şəxslərin məşğulluğunun təmin edilməsi üçün əlavə sosial dəstək mexanizmlərinə ehtiyac yaranıb:

“Bu günkü təcrübəmlə başa düşürəm ki, 170 kvadratmetrlik bir kafe üçün 20 nəfərin işə götürülməsi çox idi. Amma bu, mənim ilk sahibkarlıq təcrübəm idi.

“10 nəfərin işləyə bilməsi üçün bizdə onlara dəstək göstərən iki sosial işçi də var idi. Onlar əməkdaşları istiqamətləndirir və prosesdə kömək edirdilər. İşçilər gündə dörd saat çalışırdılar”.

Natavan Məmmədova qeyd edib ki, kiçik və mikro sahibkarlıq fəaliyyətində sahibkarların bilmədikləri riskləri əvvəlcədən görməsi hər zaman mümkün olmur. Bu səbəbdən assosiasiyalar, şəbəkələr və maliyyə institutları sahibkarlara daha aktiv dəstək göstərməlidir.

“Bilmədiyimizi bilməyimiz çox vacibdir. Sahibkarlar hər şeyi əvvəlcədən bilə bilməzlər. Məhz bu məqamda assosiasiyalar, şəbəkələr və maliyyə institutları prosesə qoşulmalı və sahibkarlara dəstək olmalıdır. Ən vacib məsələ isə etimaddır”, – deyə o vurğulayıb.

Gülbəniz Hüseynli / Metbuat.az