Gündəm

"Hüquq sahəsində qadınların fəallığı artır"-

Baş prokuror

Metbuat.az

Hüquq sahəsində qadınların fəallığının artması sevindirici və müsbət tendensiyadır”.

Bu fikirləri Baş prokuror Kamran Əliyev “Azərbaycanda yeniyetmələrin hüquq düşüncəsi” tədqiqat hesabatının və “Uşaqlar və hüquq” kitabının təqdimat mərasimində çıxışı zamanı səsləndirib.

O bildirib ki, son illər hüquq təhsili almağa maraq göstərən və hüquq-mühafizə orqanlarında fəaliyyət göstərmək istəyən qadınların sayı nəzərəçarpacaq dərəcədə artıb. Bu tendensiya həm ali təhsil müəssisələrinin hüquq fakültələrində, həm də prokurorluq orqanlarına qəbul prosesində özünü göstərir.

“Bu gün hüquq fakültələrində təhsil alan tələbələr arasında qadınların sayı daha çoxdur və bu göstərici ildən-ilə yüksəlir. Halbuki bir neçə onillik əvvəl hüquq sahəsini seçən qadınların sayı kifayət qədər az idi”, – deyə Baş prokuror qeyd edib.

Kamran Əliyevin sözlərinə görə, qadınların məhkəmə, prokurorluq və digər hüquq institutlarında təmsilçiliyinin genişlənməsi hüquq sisteminin inkişafına mühüm töhfə verir.

Baş prokuror hesab edir ki, qadınların xüsusilə uşaqlarla ünsiyyət qurmaq və onlara hüquqi bilikləri aşılamaq imkanları daha genişdir. Bu baxımdan onların hüquqi maarifləndirmə fəaliyyətində iştirakı mühüm əhəmiyyət daşıyır.

“Qadınların həyata keçirdiyi maarifləndirmə tədbirləri uşaqların hüquqi biliklərinin artırılmasına və hüquq düşüncəsinin formalaşmasına daha təsirli şəkildə xidmət edə bilər. Bu, dəstəklənməsi vacib olan müsbət bir prosesdir”, – deyə Kamran Əliyev vurğulayıb.

Baş prokuror əlavə edib ki, hüquq sahəsində qadınların sayının və fəallığının artması ümumilikdə cəmiyyətin hüquqi inkişafına, ədalət mühakiməsinin keyfiyyətinin yüksəlməsinə və hüquqi mədəniyyətin möhkəmlənməsinə müsbət təsir göstərir.

Gülbəniz Hüseynli / Mətbuat.az