"Hörmüz boğazında baş verənlər Azərbaycanın strateji əhəmiyyətini göstərdi" -
Orxan Zeynalov
"Enerji təhlükəsizliyini artıq öz-özünə təmin olunan bir amil kimi qəbul etmək olmaz. Etibarlı neft və qaz tədarükünün təmin edilməsi həyati əhəmiyyət daşıyır.Hörmüz boğazında baş verən son hadisələr də nümayiş etdirdi ki, Orta Dəhliz və Azərbaycan regionun enerji təhlükəsizliyi üçün strateji əhəmiyyətə malikdir".
Mətbuat.az-ın forumdakı müxbiri xəbər verir ki, bu fikirləri energetika nazirinin müavini Orxan Zeynalov deyib.
O qeyd edib ki, boru kəmərləri vasitəsilə nəql olunan qaz isə dəniz marşrutlarından asılı olmadığı üçün yüksək tələbat görməkdə davam edir:
"Son bir neçə ildə dünya üzrə ilkin enerji balansında karbohidrogenlərin payı cəmi 5 faiz dəyişib. Bu gün də əsas bazarlarda onların payı 70-90 faiz arasında dəyişir. Bu rəqəmlər göstərir ki, bərpa olunan enerji mənbələri ənənəvi enerjini əvəz etmir, onu tamamlayır.
Buna görə də enerji keçidi hər bir ölkənin imkanlarına və milli enerji sistemlərinin resurslarına uyğun şəkildə real yanaşma əsasında həyata keçirilməlidir".
Orxan Zeynalov qeyd edib ki, neft və qazın qlobal enerji balansındakı əsas rolunun uzun illər davam edəcəyi ehtimalı yüksəkdir:
"Buna görə də bu sahəyə, o cümlədən özəl sektor tərəfindən maliyyələşmənin vaxtında və davamlı şəkildə təmin olunması böyük əhəmiyyət daşıyır.
Azərbaycan eyni zamanda regionda yaşıl enerji keçidinə də liderlik edir. Biz bərpa olunan enerji güclərini və sərhədlərarası yaşıl enerji dəhlizlərini sürətlə inkişaf etdiririk".
Gülbəniz Hüseynli / Mətbuat.az