"Gələcəkdə hər iki tərəf üçün qazanclı nəticələr əldə olunacaq" -
"Özbəkneftqaz"ın rəsmisi
“Biz hazırda masanın üzərində olan bütün məhsul zəncirini təmsil edirik. Nümunə olaraq Özbəkistanda istehsal olunan məhsullarımızı və ölkəyə gətirilən yüksək keyfiyyətli dizel yanacaqlarını göstərmək olar. ‘Fischer–Tropsch’ texnologiyası vasitəsilə qazdan sintetik yanacaq əldə edirik. Özbəkistan qaz ehtiyatları ilə zəngin olduğu üçün investorlar yüksək keyfiyyətli məhsulların istehsalı məqsədilə digər regionlarda xüsusi zavodlar qurmağa çalışırlar”.
Bu sözləri Metbuat.az-a açıqlamasında Asliddin Bahov deyib.
O bildirib ki, "Özbəkneftqaz" ilə SOCAR arasında əməkdaşlığın genişlənməsini arzulayır:
“İstəyirəm ki, şirkətlərimiz arasında münasibətlər daha da inkişaf etsin. Biz yalnız istehsal həcmini artırmağa deyil, həm də ölkələrimiz arasındakı əlaqələrin möhkəmlənməsinə diqqət yetiririk. Ümid edirik ki, gələcəkdə hər iki tərəf üçün qarşılıqlı faydalı nəticələr əldə olunacaq”.
O, həmçinin tədbirin təşkilatçılığını yüksək qiymətləndirib:
“Tədbir çox yaxşı təşkil olunub. Geniş məkan iştirakçılara rahat şəkildə öz yerlərində dayanmağa və məhsullarını təqdim etməyə imkan yaradır. Hər stendin ayrıca nişanlanması var, bu da şirkətləri asanlıqla tanımağa və onlarla əlaqə qurmağa şərait yaradır. İştirakçılar əlaqə üçün elektron poçt və telefon nömrələri vasitəsilə birbaşa ünsiyyət qura bilirlər ki, bu da gələcək müqavilələr üçün imkanlar yaradır”.
Gülçin Aslanlı