Siyasət

​Ermənilər sülhü seçdi:

bundan sonra nə olacaq?

Metbuat.az

İyunun 7-də Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərində Nikol Paşinyanın “Vətəndaş Müqaviləsi” partiyasının qələbəsi regionun gələcək taleyini müəyyən edən strateji dönüş nöqtəsidir. Qarabağdakı hərbi məğlubiyyətlərə rəğmən, Paşinyanın üçüncü dəfə hakimiyyətini qoruması erməni cəmiyyətinin "müharibə revanşı" deyil, mövcud status-kvonun qəbulu və Qərbə inteqrasiya xəttinə səs verdiyini göstərir. Beynəlxalq analitik mərkəzlərin rəylərinə görə, bu seçki sadəcə hökumət deyil, ölkənin geosiyasi istiqamətinin müəyyənləşməsi idi.

Lakin Paşinyanın növbəti mərhələdə qarşılaşacağı daxili və xarici təhlükələr daha ciddidir. Sözsüz ki, Rusiya və ölkə daxilindəki Rusiyapərəst müxalifət (Samvel Karapetyan və Robert Koçaryanın blokları) Paşinyan üçün ciddi təzyiq rıçaqı rolunu oynamağa davam edəcək. Moskva seçki prosesində müxtəlif informasiya manipulyasiyalarından və iqtisadi embarqolardan istifadə etsə də, Paşinyanın qələbəsinin qarşısını ala bilmədi. Buna baxmayaraq, Kremlin İrəvanı “Ukrayna ssenarisi” ilə hədələməsi, iqtisadi və enerji asılılığından təzyiq kimi istifadə etməsi istisna deyil. Daxildəki Rusiyapərəst qüvvələr parlamentdə möhkəmlənərək hər bir qərarda Paşinyanın addımlarını sındırmağa çalışacaqlar. Hələlik bundan başqa daha təsirli addım atmaq imkanından məhrumdurlar.

Ermənistanın yeni daxili siyasətində ən kritik məsələ Konstitusiya dəyişikliyidir. Azərbaycanla yekun sülh müqaviləsinin imzalanması üçün Bakının əsas şərti Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən bəndlərin çıxarılmasıdır. Paşinyan partiyası ilə parlamentdə çoxluq qazansa da, Konstitusiya referendumuna getmək üçün zəruri olan "konstitusional çoxluq" (üçdə iki səs) limitini aşa bilmədi. Bu isə o deməkdir ki, o, qanunvericilikdə dəyişiklik etmək üçün digər kiçik siyasi qruplarla və ya müxalifətin müəyyən qanadı ilə çətin kompromislərə getməli olacaq.

Azərbaycanla sülh siyasətinə gəldikdə, yerli və beynəlxalq ekspertlər bu xəttin davam edəcəyini proqnozlaşdırırlar. Paşinyanın seçki platforması məhz regionda sərhədlərin delimitasiyası və kommunikasiyaların açılması üzərində qurulmuşdu. Bu qələbə ona sülh prosesini yekunlaşdırmaq üçün legitim mandat versə də, daxili siyasi gərginliklər və Rusiyanın maneələri prosesi ləngidə bilər. Yaxın dövrdə Cənubi Qafqazda dayanıqlı sülhün formalaşması Paşinyanın Qərbin iqtisadi və təhlükəsizlik dəstəyindən necə istifadə edəcəyindən və Moskvadan gələn təhdidləri necə neytrallaşdıracağından birbaşa asılı olacaq.

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin iyunun 14-də Dilican şəhərində Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla sürpriz görüşü tərəflərin Rusiyanın təzyiqlərinə boyun əymək niyyətində olmadığını bir daha ortaya qoydu.

Bakının yolu bəllidir. Yetər ki, Ermənistan yolundan azmasın…

S.Vaqifoğlu