“Ən yaxşı işçini istəyib ən aşağı maaşı təklif edirlər” -
Ahmet Kandemir
Əmək bazarında son illər ən çox müzakirə olunan mövzulardan biri ixtisaslı işçi çatışmazlığıdır. Bir çox şirkətlər uyğun kadr tapmaqda çətinlik çəkdiklərini, xüsusilə gənclərin işə maraq göstərmədiyini və iş yerlərində uzunmüddətli qalmadıqlarını bildirirlər.
Problemin kökündə yalnız kadr qıtlığı deyil, həm də əməkhaqqı, iş şəraiti və işçi gözləntiləri ilə işəgötürənlərin tələbləri arasındakı uyğunsuzluq dayanır.
Metbuat.az xəbər verir ki, mövzu ilə bağlı tanınmış biznes təlimçisi Ahmet Kandemir Kredit.az-a bildirib ki, əmək bazarında müşahidə olunan vəziyyəti yalnız “işçi tapılmır” arqumenti ilə izah etmək düzgün deyil. Onun sözlərinə görə, bir çox hallarda əsas problem işçilərin deyil, onlara təklif olunan maaş və əmək şəraitinin bazar reallıqlarına uyğun olmamasıdır:
"Bir çox hallarda problem işçi çatışmazlığında deyil, əmək bazarına təklif olunan maaş və iş şəraitindədir. Son dövrlər işəgötürənlərdən “adam tapa bilmirik”, “gənclər işləmək istəmir”, “işə sahib çıxmırlar” kimi fikirlər daha çox eşidilir. Məsələyə fərqli prizmadan yanaşmaq lazımdır.
Bəzi vakansiyalarda təcrübə, məsuliyyət, nəticəyönümlülük, hətta xarici dil biliyi tələb olunduğu halda, təklif edilən əməkhaqqı 500–600 manat səviyyəsində qalır. Bu səbəbdən “işçi yoxdur” ifadəsi reallığı tam əks etdirmir".
O vurğulayıb ki, insanların yol, qida, kirayə və digər gündəlik xərcləri var və yaşayış üçün yetərli olmayan maaş qarşılığında işləmək istəməmələri təbii haldır. Kandemirin sözlərinə görə, bu vəziyyətdə problem əmək bazarında deyil, işəgötürənlərin təqdim etdiyi şərtlərdədir.
Ahmet Kandemir həmçinin bildirib ki, bəzi şirkətlər illərlə eyni maaş siyasətini saxlayır, daha sonra isə işçilərin tez-tez iş yerlərini dəyişməsindən şikayətlənirlər.
“İnsanlar işdən yox, dəyər görmədikləri iş yerlərindən ayrılırlar. Yaxşı maaş verin, yaxşı işçi tapacaqsınız. Ən yaxşı işçiləri istəyib ən aşağı maaşı təklif etmək isə strategiya deyil, sadəcə özünü aldatmaqdır”, – deyə o qeyd edib.