"Ən böyük sərvətimiz neft yox, insan kapitalıdır" -
Nazir
"Azərbaycanın iqtisadi inkişaf modelinin əvvəlki dövrlərdən əsas fərqi ölkədə sülhün bərqərar olması, güclü maliyyə ehtiyatları, yetkin institutlar və insan kapitalına qoyulan uzunmüddətli investisiyalardır".
Metbuat.az xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov İslam İnkişaf Bankı Qrupunun İllik Toplantısı çərçivəsində keçirilən panel müzakirəsində çıxışı zamanı deyib.
Nazirin sözlərinə görə, ən mühüm amil regionda sülhün bərpasıdır:
"Cənubi Qafqaz müstəqillik əldə etdikdən sonra ilk dəfədir ki, münaqişələrdən və müharibələrdən azad bir regiona çevrilib. Bu, təkcə siyasi deyil, həm də iqtisadi siyasətin proqnozlaşdırılmasını və sabitliyini təmin edən əsas faktordur. Azərbaycanın ÜDM-ni üstələyən strateji maliyyə ehtiyatları ölkəyə iri infrastruktur layihələrini və azad edilmiş ərazilərin bərpasını digər inkişaf prioritetlərini məhdudlaşdırmadan maliyyələşdirməyə imkan verib".
Onun sözlərinə görə, azad edilmiş ərazilərə yönəldilən birbaşa dövlət öhdəlikləri təxminən ÜDM-in 3%-ni təşkil edir və bu proses ölkənin digər inkişaf proqramlarının hesabına həyata keçirilməyib.
Nazir vurğulayıb ki, iqtisadi inkişafda növbəti mühüm üstünlük dövlət, məhkəmə sistemi, bank sektoru, biznes assosiasiyaları və digər qurumları əhatə edən institusional ekosistemin yetkinləşməsidir:
"Ölkədə milli şirkətlərin və sənaye potensialının formalaşması uzunmüddətli iqtisadi transformasiyanın əsas nəticələrindən biridir. Hökumətin sənayeləşmə siyasəti özəl sektor tərəfindən dəstəklənir və gələcəkdə iqtisadiyyatın əsas dayaqları yüksək əlavə dəyər yaradan sənaye və xidmət sahələri olacaq. İnsan kapitalına yatırımların da xüsusi əhəmiyyəti var. 2007-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə xaricdə təhsil üzrə dövlət proqramının qəbul edilməsi minlərlə azərbaycanlı gəncin dünyanın aparıcı universitetlərində təhsil almasına imkan yaradıb. Bu gün həmin məzunlar dövlət və özəl sektorda, sahibkarlıqda və siyasət formalaşdırılmasında Azərbaycanın inkişafına töhfə verirlər. Məhz bu 'yumşaq' amillər ölkənin iqtisadi inkişafının yeni mərhələsini fərqləndirən əsas üstünlüklərdir".
Nazir qeyd edib ki, Azərbaycanın rəqabət üstünlüyü təkcə nəqliyyat dəhlizləri, enerji infrastrukturu və coğrafi mövqeyi ilə məhdudlaşmır. Onun sözlərinə görə, davamlı iqtisadi inkişafın əsasını güclü ictimai institutlar, insan kapitalı və formalaşmış iqtisadi ekosistem təşkil edir.
Gülbəniz Hüseynli / Mətbuat.az