"Dayanıqlı inkişaf üçün yeni maliyyə arxitekturası formalaşdırılmalıdır"-
Qvineyalı nazir
"Biz gələcək nəsillər üçün sərhədlərarası investisiyaların və tərəfdaşlıqların əsasını təşkil edəcək möhkəm əməkdaşlıq mexanizmləri qura bilərik. Sülh, dialoq və güclü institusional çərçivə inkişaf üçün həyati əhəmiyyət daşıyır".
Mətbuat.az xəbər verir ki, bu fikirləri Bakıda İslam İnkişaf Bankı (İİB) Qrupunun İllik Toplantısı çərçivəsində keçirilən tədbirdə çıxış edən Qvineya Respublikasının Planlaşdırma, Beynəlxalq Əməkdaşlıq və İnkişaf naziri İsmael Nabe deyib.O beynəlxalq əməkdaşlığın genişləndirilməsinin davamlı inkişaf baxımından əhəmiyyətini vurğulayıb.
Nazir bildirib ki, tədbir hökumətlər, biznes nümayəndələri və müxtəlif ölkələr arasında infrastruktur, energetika, kənd təsərrüfatı, səhiyyə, təhsil və sənaye sahələrində əməkdaşlığın genişləndirilməsi üçün mühüm platformadır:
"Təkcə ehtiyacları, layihələri və ya maliyyələşdirmə alətlərini artırmaq kifayət deyil. Biz böyük hədəflərimizə uyğun yeni maliyyə və inkişaf arxitekturası formalaşdırmalıyıq.Yaradılacaq yeni maliyyə sistemi dövlət və özəl sektorun imkanlarını birləşdirməli, regional əməkdaşlığı gücləndirməli və davamlı inkişafı dəstəkləməlidir.Belə bir maliyyə arxitekturası Dayanıqlı İnkişaf Məqsədlərini sadəcə bir arzu olmaqdan çıxarıb reallığa çevirə bilər", – deyə İsmael Nabe əlavə edib.
Gülbəniz Hüseynli / Mətbuat.az