İqtisadiyyat

"Biz dayanıqlı sukuk emissiyası üçün tam hazırıq" -

Türkiyəli nazir müavini

Metbuat.az

"Türkiyə yaşıl və dayanıqlı maliyyələşdirmə sahəsində "labelled sukuk" - yəni dayanıqlı sukuk emissiyalarına hazırlaşır".

Metbuat.az xəbər verir ki, bunu Türkiyə Respublikası Xəzinə və Maliyyə Nazirliyinin nazir müavini Osman Çəlik Bakıda keçirilən tədbirdə çıxışı zamanı deyib.

"Türkiyə gələcəkdə yaşıl, sosial və dayanıqlı maliyyələşdirmə məqsədli labelled sukuk emissiyaları üçün çevik imkanlara malikdir. Bərpa olunan enerji, enerji səmərəliliyi, dayanıqlı nəqliyyat, su idarəçiliyi, əlçatan mənzil, səhiyyə və təhsil sahələrində güclü layihə portfelimiz var", - deyə o bildirib.

Nazir müavininin sözlərinə görə, "labelled sukuk" etiketlənmiş sukuk İslam maliyyəsi investorları ilə ESG investorlarını bir araya gətirərək emitentlər üçün yeni maliyyələşdirmə imkanları yaradır.

"Bu alət dayanıqlı inkişaf layihələri üçün maliyyə səfərbər etməklə yanaşı, investor bazasının daha da genişlənməsinə xidmət edir. Gələcək emissiyalar bazar şərtlərindən və investor tələbindən asılı olacaq. Bununla belə, Türkiyənin bu bazarda iştirak etmək üçün beynəlxalq çərçivəsi və güclü layihə portfeli mövcuddur", – deyə Osman Çəlik əlavə edib.

Qeyd edək ki, "Labelled sukuk" - vəsaitin konkret yaşıl, sosial və ya dayanıqlı inkişaf layihələrinə yönəldiləcəyini öhdəlik kimi müəyyən edən islam maliyyə alətidir.

Gülbəniz Hüseynli / Metbuat.az