Azərbaycanın ekspozisiyası İqtisadi Forumun iştirakçılarında böyük maraq doğurub
“Azərbaycanın Avrasiya İqtisadi İttifaqı ilə yaxınlaşması həm ölkə iqtisadiyyatı, həm də regiondakı iqtisadi əlaqələrin inkişafı üçün əlavə imkanlar yarada bilər”.
Metbuat.az xəbər verir ki, bu fikirləri XXIX Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPIEF) çərçivəsində keçirilən “Rusiya - Azərbaycan” sessiyasının yekunlarına dair Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin səsləndirib.
O bildirib ki, Moskva Bakının Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə yaxınlaşmasına dəstək verməyə hazırdır. Qaluzinin sözlərinə görə, belə əməkdaşlıq ortaq Avrasiya məkanında artıq formalaşmış iqtisadi əlaqələrin daha da möhkəmlənməsinə xidmət edə bilər.
Mixail Qaluzin qeyd edib ki, Rusiya ilə Azərbaycan arasında münasibətlər əvvəlki dostluq formatına qayıdıb və tərəflər arasında əməkdaşlığın böyük perspektivləri mövcuddur.
Qeyd edək ki, Azərbaycan dünyanın əsas investisiya platformalarından biri kimi tanınan Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun ənənəvi iştirakçılarındandır.
Forumda iştirak edən "PolitRus" mediasının rəhbəri, politoloq Vitali Arkov Mətbuat.az-a açıqlamasında qeyd edib ki, bu il Azərbaycan Respublikasının nümayəndə heyətinə iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev rəhbərlik edir.
"Bundan əvvəl Azərbaycan nümayəndə heyəti bir sıra görüşlər keçirib. Xüsusilə, Dağıstan Respublikasının baş nazir müavini Rizvan Qazimaqomedovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə aparılan danışıqlar nəticəsində Şimali Qafqazda ilk zeytun və zeytun yağı istehsalı müəssisəsinin yaradılması barədə çərçivə sazişi imzalanıb. Layihə zeytun bağlarının salınmasından məhsulun emalına və zeytun sortlarının seleksiyası üzrə elmi-texnoloji mərkəzin yaradılmasına qədər tam istehsal dövrünü əhatə edəcək".
Arkov qeyd edib ki, 2026-cı ildə Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda 130-dan çox ölkə və ərazi təmsil olunub. Azərbaycan stendində təqdim olunan və Xəzər dənizi sahilində təxminən 750 hektar ərazini əhatə edən "Sea Breeze" layihəsi artıq forum iştirakçıları və qonaqları üçün əsas cazibə mərkəzlərindən birinə çevrilib.
"Dünyanın müxtəlif bölgələrindən 20 mindən artıq nümayəndə forumda iştirak edib. Onların arasında ABŞ, Çin, Hindistan, Almaniya, Türkiyə, Braziliya, Filippin, Özbəkistan, Laos, Tanzaniya və digər ölkələrin nümayəndə heyətləri yer alıb. Bu, Sankt-Peterburqda keçirilən iqtisadi forumun yüksək beynəlxalq statusunu, həmçinin sürətlə inkişaf edən iqtisadiyyata malik və formalaşmaqda olan çoxqütblü dünyanın mühüm mərkəzlərindən biri kimi Rusiyaya marağın davamlı artdığını bir daha nümayiş etdirir".
2025-ci ilin yekunlarına əsasən, alıcılıq qabiliyyəti pariteti (PPP) üzrə hesablanan ÜDM həcminə görə Rusiya dünyada 4-cü yeri tutaraq Avrozona ölkələrini qabaqlayıb.
"Forumda xüsusi qonaq ölkə statusu Səudiyyə Ərəbistanına verilib. Bu, Moskva ilə Ər-Riyad arasında diplomatik münasibətlərin qurulmasının 100 illiyinə təsadüf edir. Bununla yanaşı, bu gün Yaxın Şərq və Ön Asiyanın bir çox ölkələri qlobal iqtisadiyyatın və informasiya texnologiyalarının aparıcı qüvvələri sırasında yer alır", - deyə V.Arkov əlavə edib.
Gülçin Aslanlı