"Azərbaycanın dünya enerji bazarındakı yeri bizim üçün çox önəmlidir" -
"Borusan Cat" rəsmisi
“Bu il keçirilən "Baku Energy Week" artıq 31-ci dəfə təşkil olunur. Son 31 ilə nəzər saldıqda forumun Azərbaycanın inkişaf prosesi ilə paralel şəkildə irəlilədiyini görürük. Bu baxımdan tədbir olduqca əhəmiyyətlidir. Açılış mərasimində səsləndirilən mesajlar da bunu bir daha təsdiqlədi. Biz, "Borusan Cat Azərbaycan" olaraq, dağ-mədən, tikinti, enerji və güc sektorlarında fəaliyyət göstəririk. Şirkətimiz də təxminən 30 ildir Azərbaycandadır və bu baxımdan "Baku Energy Week’lə oxşar tarixə malikdir”.
Bu fikirləri Metbuat.az-a açıqlamasında "Borusan Cat Azərbaycan"ın ölkə müdiri Nihat Berkosu deyib.
Onun sözlərinə görə, "Borusan Cat Azərbaycan"dan başqa Gürcüstan, Türkiyə, Qazaxıstan və Qırğızıstanda da "Caterpillar" məhsullarının rəsmi distribütorudur:
“Bu gün burada iştirak etməkdə əsas məqsədimiz satış deyil. Biz sektordakı tərəfdaşlarımızla bir araya gəlmək, əməkdaşlıq əlaqələrini möhkəmləndirmək istəyirik. Enerji sektorunda ən vacib məsələlərdən biri davamlılıq və dayanıqlılıqdır. Biz də təqdim etdiyimiz həllər və məhsullarla bu istiqamətdə töhfə verməyə çalışırıq. Burada təmsil olunan şirkətlərin əksəriyyəti ilə birbaşa əməkdaşlıq edirik. Bu səbəbdən də tərəfdaşlarımızın yanında olmaq bizim üçün önəmlidir”.
N.Berkosu tədbirə marağın yüksək olduğunu da vurğulayıb:
“Son illərdə baş verən qlobal böhranlardan sonra Azərbaycanın dünya enerji bazarındakı mövqeyi daha da güclənir. Bu proses bizim üçün böyük əhəmiyyət daşıyır. Belə bir güclü enerji sektorunun tərəfdaşı olmaqdan məmnunluq duyuruq”.