Arıqlama dərmanları marketləri müflis etdi:
1 milyardlıq itki
İngiltərədə aparılan son araşdırma, dünyada getdikcə populyarlaşan GLP-1 tərkibli arıqlama dərmanlarının təkcə bədən çəkisini deyil, həm də ailə büdcələrini və qida sektorunu kökündən dəyişdiyini ortaya qoyub.
Metbuat.az xəbər verir ki, bu preparatlardan istifadə edən şəxslərin yer aldığı ev təsərrüfatlarında illik market xərcləri ümumilikdə 780 milyon sterlin (təxminən 1 milyard dollar) azalıb. Ölkədə hər 100 evdən 6-sında ən azı bir nəfərin bu növ iynə və dərmanlardan istifadə etdiyi bildirilir.
Araşdırmaya qatılan istifadəçilərin 54%-i dərmana başladıqdan sonra iştahlarının kəskin azaldığını və yemək haqqında demək olar ki, düşünmədiklərini qeyd edib. Hətta rəyi soruşulanların 11%-i əvvəllər çox sevdikləri təamlardan artıq heç bir həzz almadıqlarını etiraf ediblər. Bu dəyişiklik market səbətlərində özünü qabarıq göstərib: arıqlama iynələrindən istifadə edənlərin 75%-i şokolad, 72%-i isə çips və oxşar qəlyanaltıların alışını əhəmiyyətli dərəcədə azaldıb.
Ekspertlər qida vərdişlərindəki bu qlobal dəyişikliyin yaxın gələcəkdə pərakəndə satış və qida sənayesində daha böyük itkilərə yol aça biləcəyini proqnozlaşdırırlar.