Ani Ödəniş Sistemində rekord artım qeydə alınıb
Azərbaycanın Ani Ödəniş Sistemi üzrə göstəricilər 2026-cı ilin ilk aylarında əhəmiyyətli artım nümayiş etdirib. Sistem üzərindən həyata keçirilən əməliyyatların həm sayı, həm də məbləği üzrə yeni rekordlar qeydə alınıb.
Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Mərkəzi Bankının Böyük proqram təminatı mühəndisi və Ödəniş sistemlərinin inzibatçısı Tofiq Acırqayev Bakıda keçirilən X Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti zamanı məlumat verib.
Onun sözlərinə görə, 2026-cı ilin yanvar ayında Ani Ödəniş Sistemi vasitəsilə 312 milyon manat məbləğində 2,1 milyon əməliyyat həyata keçirildiyi halda, aprel ayında bu göstəricilər 940 milyon manat məbləğində 9,8 milyon əməliyyata yüksəlib:
"Beləliklə, cəmi dörd ay ərzində əməliyyatların sayı 4,6 dəfə, ümumi əməliyyat məbləği isə 3 dəfə artıb.2026-cı ilin ilk dörd ayında sistem üzərindən emal edilən ümumi məbləğ 2,23 milyard manata çatıb. Bu göstərici artıq 2025-ci ilin bütün ili üzrə qeydə alınmış ümumi həcmin 85 faizini təşkil edir".
O vurğulayıb ki, aprel ayında həm əməliyyat sayı, həm də əməliyyat məbləği üzrə yeni aylıq rekordlar qeydə alınıb ki, bu da ölkədə rəqəmsal ödənişlərin sürətlə genişləndiyini və Ani Ödəniş Sistemindən istifadənin artdığını göstərir.
Gülbəniz Hüseynli / Metbuat.az