WUF13

"Regionda ilk dəfə olaraq tam elektron əlillik sistemi tətbiq etmişik" -

Elnara Ansari

Metbuat.az

Azərbaycanda əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi və onların sosial rifahının yaxşılaşdırılması dövlət siyasətinin prioritet istiqamətlərindən biri olaraq qalır.

Mətbuat.az xəbər verir ki, bu fikirləri DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru, həmçinin QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Elnara Ansari Bakıda keçirilən World Urban Forum 13 çərçivəsində təşkil olunan “Əlilliyi olan şəxslərin Hüquqları üzrə Dəyirmi Masa” zamanı videomüraciətində səsləndirib.

O bildirib ki, Azərbaycan regionda ilk dəfə olaraq tam elektron əlillik sistemini tətbiq edən ölkələrdən biridir.

E.Ansari qeyd edib ki, Azərbaycan 2008-ci ildə BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasına qoşulduqdan sonra bu sahədə mühüm islahatlara start verib:

“Milli qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması, həmçinin tibbi yanaşmadan sosial modelə keçid istiqamətində ardıcıl addımlar atılıb”.

Onun sözlərinə görə, 2018-ci ildə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunun qəbul edilməsi əlilliyi olan şəxslər üçün bərabər hüquqların təmin olunması, reabilitasiya və məşğulluq imkanlarının genişləndirilməsi, eləcə də sosial inklüzivliyin gücləndirilməsi baxımından mühüm hüquqi baza formalaşdırıb.

Gülbəniz Hüseynli / Mətbuat.az