WUF13

Mina təhlükəsi iqtisadi vəziyyəti iflic vəziyyətinə salır -

Rodriqo Labardini

Metbuat.az

"Mina təhlükəsinin aradan qaldırılması postmünaqişə dövründə ölkələrin yenidən qurulması və sosial-iqtisadi inkişafı baxımından mühüm rol oynayır".

Metbuat.az xəbər verir ki, bu sözləri ADA Universitetinin Moot Court Proqramının direktoru və professoru Rodriqo Labardini Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində çıxışı zamanı deyib.

O bildirib ki, 1980-ci illərdə Nikaraquada baş verən silahlı münaqişələrdən sonra ölkə Qərb yarımkürəsində mina ilə ən çox çirklənmiş dövlətlərdən birinə çevrilmişdi. Minaların strateji infrastruktur, yaşayış məntəqələri və kənd təsərrüfatı ərazilərində yerləşdirilməsi insanların hərəkətini və iqtisadi fəaliyyəti ciddi şəkildə məhdudlaşdırırdı.

Professorun sözlərinə görə, Nikaraqua 1989-cu ildən minatəmizləmə prosesinə başlayıb və 2010-cu ildə bu işlərin başa çatdığını elan edib. O qeyd edib ki, beynəlxalq təşkilatların dəstəyi ilə həyata keçirilən bu proses regionun mina təhlükəsindən azad olunmasına mühüm töhfə verib.

"Nikaraqua təcrübəsi göstərir ki, təhlükəsizlik təmin olunmadan postmünaqişə bərpası və iqtisadi inkişaf mümkün deyil", - deyə o bildirib.

Gülbəniz Hüseynli / Metbuat.az