WUF13

Keniyalı nümayəndə:

"Bakı təcrübəsini ölkəmdə tətbiq etmək istəyirəm"

Metbuat.az

“Burada ilk gündən əldə etdiyim təəssürat təşkilatçılığın həqiqətən çox yüksək səviyyədə olduğu istiqamətindədir. Sərgi zonaları geniş və çox interaktivdir. Texnologiyadan çox effektiv istifadə olunur. Ekranlardan tutmuş QR kodlara qədər hər şey iştirakçıların sərgilərlə rahat şəkildə tanış olmasına və birbaşa əlaqə qurmasına imkan yaradır. Bu isə tədbiri daha müasir və maraqlı edir”.

Bunu Metbuat.az-a açıqlamasında Ümumdünya Şəhərsalma Forumunda – WUF13-də Keniyadan Azərbaycana biznes əlaqələri qurmaq və media və QHT sahəsində yenilikləri izləmək üçün gələn Qledis Cina deyib. O bildirib ki, media üçün yaradılmış şəraitdən çox təsirlənib:

“Adətən bir çox tədbirlərdə yalnız VIP qonaqlar üçün xüsusi zonalar olur. Amma burada media üçün ayrıca media mərkəzi yaradılıb və bu, həqiqətən çox gözəldir. Ümumilikdə mənim üçün təcrübə çox müsbətdir və burada öyrəndiyim bir çox şeyi öz ölkəmdə də tətbiq edə biləcəyimizi düşünürəm”.

Urbanizasiya məsələsi ilə bağlı Metbuat.az-ın sualını cavablandıran nümayəndə qeyd edib ki, bu forum dünyaya çox güclü mesaj verə bilər:

“Bu gün dünya ölkələrinin əsas məqsədlərindən biri yaşayış məntəqələrini və şəhərləri daha inkişaf etmiş hala gətirmək, insanların həyat şəraitini yaxşılaşdırmaq olmalıdır. Urbanizasiya daha yaxşı nəqliyyat sistemləri, daha keyfiyyətli təhsil, inkişaf etmiş səhiyyə və müasir infrastruktur deməkdir.

Bakıda məni ən çox təsirləndirən məqamlardan biri şəhərin köhnə hissəsindən yeni və müasir hissələrinə keçiddə görünən inkişaf oldu. Şəhər çox səliqəli, təhlükəsiz və inkişaf etmiş görünür. Düşünürəm ki, düzgün urbanizasiya insanların həyat keyfiyyətini artırır və cəmiyyət üçün yeni imkanlar yaradır. Buna görə də belə forumlar dünya ölkələrinin təcrübə mübadiləsi aparması və yeni ideyalar paylaşması baxımından çox vacibdir”.

Gülbəniz Hüseynli / Metbuat.az