WUF13

"İctimai etimad olmadan problemlər həll edilə bilməz" -

Şəfəq Mehrəliyeva

Metbuat.az

Bakıda keçirilən World Urban Forum 13 (WUF13) çərçivəsində “Mənzil və dayanıqlı şəhərlər üçün ictimai kommunikasiya” mövzusunda panel müzakirə təşkil olunub.

Metbuat.az xəbər verir ki, paneldə çıxış edən ADA Universitetinin Kommunikasiya və Media Araşdırmaları üzrə müəllimi Şəfəq Mehrəliyeva şəhərlərin inkişafında insan amilinin, ictimai iştirakçılığın və etimadın həlledici rol oynadığını vurğulayıb.

O qeyd edib ki, şəhərlər təkcə binalar, yollar və inzibati sistemlər üzərində formalaşmır:

“Şəhərlər ilk növbədə insanlardan və icmalardan ibarətdir. İcmalar isə etimad, mədəniyyət, tolerantlıq və innovasiya üzərində qurulur. Şəhərlər yalnız o zaman həqiqətən inkişaf edir ki, insanlar özlərini passiv sakin kimi deyil, yaşadıqları mühitin formalaşmasında fəal iştirakçı kimi hiss etsinlər”.

Şəfəq Mehrəliyeva bildirib ki, urbanizasiya prosesinin sürətlənməsi şəhərlərin qarşısında yeni çağırışlar yaradır. Onun sözlərinə görə, şəhərlərə axın artsa da, bu proses bərabərsizlik, mənzil çatışmazlığı, ekoloji problemlər və sosial gözləntilərin artması kimi məsələləri daha da aktuallaşdırır.

O vurğulayıb ki, ictimai etimad olmadan bu problemlərin effektiv həlli mümkün deyil:

“Hökumətlər və institutlar nə qədər güclü olsa da, ictimai iştirak və effektiv kommunikasiya olmadan dayanıqlı inkişaf çətinləşir. İnsanlar yalnız o zaman prosesə töhfə verirlər ki, onların səsinin eşidildiyini və fikirlərinin nəzərə alındığını hiss etsinlər”.

Paneldə həmçinin qeyd olunub ki, “ev” anlayışı yalnız fiziki məkan deyil, eyni zamanda təhlükəsizlik, rahatlıq və aidiyyət hissini ifadə edir:

“Əgər insanların yaşadığı mühit dəyişdirilirsə, onlar bu prosesin bir hissəsinə çevrilməlidirlər. Kommunikasiya isə məhz bu etimadı formalaşdıran əsas amildir”.

Gülbəniz Hüseynli / Metbuat.az