“Əsas məqsəd insanların həyat keyfiyyətini yaxşılaşdırmaq olmalıdır"-
Elbay Qasımzadə
“Urbanistika və memarlıq təkcə tikinti və layihələndirmə prosesi ilə məhdudlaşmır. Əsas məqsəd insanların rahat və layiqli yaşayış şəraitinin təmin edilməsidir”.
Metbuat.az-ın məlumatına görə, bu sözləri Ümumdünya Şəhərsalma Forumunun (WUF13) Bakıdakı sessiyalarında çıxış edən Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadə deyib.
O qeyd edib ki, iqtisadi cəhətdən inkişaf etmiş bəzi ölkələrdə belə yoxsulluq, evsizlik və sosial problemlər qalmaqdadır: “Elə dövlətlər var ki, iqtisadi inkişaf baxımından dünyanın ön sıralarında yer alır, amma buna baxmayaraq, həmin ölkələrdə yoxsulluq, evsizlik və sosial problemlər hələ də mövcuddur. Bu da sual doğurur: niyə yüksək iqtisadi imkanlara malik ölkələr həssas qrupların ehtiyaclarına kifayət qədər diqqət yetirmir?”
Elbay Qasımzadənin sözlərinə görə, memar və şəhərsalma mütəxəssisləri problemləri müəyyən edir və onların həlli üçün təkliflər irəli sürür, lakin bu təşəbbüslərin reallaşması əsasən dövlət və qərarverici qurumların iradəsindən asılıdır: “Biz problemləri görürük və həll yollarını təklif edirik. Amma bu ideyaların həyata keçirilməsi üçün dövlətlərin və siyasi qərarvericilərin rolu həlledicidir”.
O əlavə edib ki, şəhərsalmada yalnız hədəflərin müəyyənləşdirilməsi deyil, həmin hədəflərə çatma yollarının da düzgün seçilməsi vacibdir: “Bəzi məsələlər var ki, onları yalnız peşəkar müzakirələrlə deyil, dövlət səviyyəsində qəbul olunan qərarlarla həll etmək mümkündür”.
Gülbəniz Hüseynli / Metbuat.az