Siyasət

"Ermənistan sülhdə qətiyyət göstərməlidir" -

Millət vəkili

Metbuat.az

"Bir neçə həftədən sonra Ermənistanda parlament seçkiləri keçiriləcək. Bu seçkilər Ermənistan üçün çox ciddi bir şansdır. Ya sülh tərəfdarları üstünlük qazanmalı, ya da hazırkı hakimiyyət göstərməlidir ki, ölkədə “yeni Ermənistan” vizyonu formalaşdırılır".

Mətbuat.az xəbər verir ki, bu fikirləri millət vəkili Fariz İsmayılzadə "Prezident İlham Əliyevin Sülh Strategiyası Sabitliyin Qarantıdır" mövzusunda keçirilən dəyirmi masada səsləndirib.

Millət vəkili hesab edir ki, Ermənistanın bu vizyonu regionda sabitlik və əməkdaşlığa əsaslanır:

"Ermənistan hakimiyyəti sülh prosesinə münasibətdə qətiyyət nümayiş etdirməli və revanşist yanaşmaların ölkənin gələcəyinə xidmət etmədiyini açıq şəkildə ortaya qoymalıdır. Çünki hazırda radikal müxalifət və revanşist qüvvələr sülh prosesinə təsir göstərməyə çalışırlar. Bu prosesdə xaricdəki diaspor qüvvələrinin də fəal iştirakı müşahidə olunur".

Millət vəkili vurğulayıb ki, təsadüfi deyil ki, son həftələrdə müxtəlif konqres və platformalarda Azərbaycana qarşı yönəlmiş qətnamələr qəbul edilir. Bu təşəbbüslərin arxasında müəyyən erməni dairələrinin, radikal müxalifətin və xarici təsir qruplarının dayandığı görünür:

"Məqsəd isə regionda əldə olunan irəliləyişləri zəiflətmək və sülh prosesini ləngitməkdir. Xüsusilə sərhəd delimitasiyası istiqamətində aparılan proseslər fonunda bəzi xarici qüvvələrin seçki dövründə müxtəlif təsir mexanizmləri vasitəsilə vəziyyəti dəyişməyə çalışdığı müşahidə edilir. Buna baxmayaraq, regionda davamlı sülh və sabitlik üçün konstruktiv dialoq və siyasi iradə əsas amil olaraq qalır", - deyə Fariz İsmayılzadə qeyd edib.

Gülbəniz Hüseynli \ Mətbuat.az