WUF13

Azərbaycan mediası WUF13-də peşəkarlığını nümayiş etdirir -

Natiq Məmmədli

Metbuat.az

"Azərbaycan mediası artıq beynəlxalq tədbirlərin işıqlandırılması istiqamətində zəngin təcrübə qazanıb. Bu, bizi çox sevindirir".

Metbuat.az-ın məlumatına görə, bunu Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktorunun müavini Natiq Məmmədli Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun (WUF13) dördüncü günündə jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycan mediası artıq beynəlxalq tədbirlərin işıqlandırılması istiqamətində zəngin və unikal təcrübə qazanıb, bu təcrübə isə gələcəkdə media peşəkarlığının daha da artırılmasına mühüm töhfə verəcək: “Sevindirici haldır ki, beynəlxalq tədbirlərin uğurlu işıqlandırılması ənənəsini formalaşdıran Azərbaycan mediası bu dəfə də peşəkarlığını nümayiş etdirir. Həm ölkə daxilində, həm də xarici auditoriya üçün əsas informasiya mənbələrindən biri məhz Azərbaycan mediasıdır”.

N.Məmmədli bildirib ki, hazırda media gündəminin əsas mövzularından biri forum çərçivəsində aparılan müzakirələr və burada səsləndirilən mesajlardır. Onun sözlərinə görə, jurnalistlər tədbiri fəal şəkildə işıqlandırır, Azərbaycan media gündəminin əsas hissəsini isə forum çərçivəsində keçirilən müzakirələr və onların mühüm nəticələri təşkil edir.

MEDİA rəsmisi qeyd edib ki, forum çərçivəsində ən fəal müzakirələrin aparıldığı məkanlardan biri də media zonasıdır. O vurğulayıb ki, Azərbaycan mediası COP29 zamanı nümayiş etdirdiyi peşəkarlığı bu tədbirdə də bir daha təsdiqləyib:

“Həm daxili, həm də beynəlxalq auditoriya üçün forumun əsas mesajlarının çatdırılmasında Azərbaycan mediası mötəbər informasiya mənbəyi kimi çıxış etdi. Bu gün forum məkanında medianın fəal işini görürük və Azərbaycan jurnalistlərinə peşəkar fəaliyyətlərinə görə təşəkkürümüzü bildiririk. Mediamız COP29-da olduğu kimi, bu forumda da üzərinə düşən peşəkar missiyanı layiqincə yerinə yetirir”.

Gülbəniz Hüseynli / Metbuat.az