Türkiyəyə yönələn raketlər:
məqsəd nədir?
Türkiyə ərazisinə doğru buraxıldığı müəyyən edilən daha bir İran ballistik raketi NATO tərəfindən havada zərərsizləşdirilib. Bu, baş verən dördüncü belə hadisədir. Bəs İran bu cür hərəkətlərlə Türkiyəni müharibəyə cəlb etmək istəyir, yoxsa bu, başqa məqsəd daşıyır?
Politoloq Yusif Bağırzadə Metbuat.az-a açıqlamasında bildirib ki, İran ərazisindən Türkiyə doğru buraxılmış ballistik raketin məqsədi birbaşa Türkiyəni müharibəyə cəlb etmək olduğunu düşünmür.
Onun fikrincə, bu, İran üçün, sözün əsl mənasında, baş ağrısı olardı:
“Rəsmi Tehran, ümumiyyətlə, bu faktları təkzib edir və Türkiyə ərazisini hədəf almadığını deyir. Amma fakt faktlığında qalır. Atılan raketlər birbaşa İran ərazisindən atılıb və bunu danmaq mümkün deyil. O başqa məsələdir ki, bu zərbələr SEPAH və ya digər güc strukturları tərəfindən müstəqil şəkildə həyata keçirilir, ya yox. Amma istənilən halda indiki şəraitdə belə hərəkətlər adətən bir neçə məqsədə xidmət edə bilər. İlk növbədə, bu, Tehran üçün regionda güc nümayişi və strateji mesaj vermək vasitəsidir. İran çox güman ki, bununla Türkiyə ərazisindəki İncirlik hərbi bazasından gələ biləcək hər hansı təhlükə halında Türkiyənin də zərbə altında qalacağına dair mesaj verməyə cəhd edir”.
Y.Bağırovun sözlərinə görə, digər məqsəd bu tip raket buraxılışları ilə qarşı tərəflərin mövqeyini sınamaq, həmçinin NATO və ABŞ daxilində strateji narahatlıq yaratmaqdır:
“Digər tərəfdən isə İran bununla bütün region ölkələrinə öz mövqelərini qorumağa hazır olduğunu çatdırmaq istəyir. Yəni belə demək mümkünsə, bu, müharibəyə birbaşa dəvət deyil, daha çox strateji və diplomatik təzyiq vasitəsidir. Amma İran nəzərə almalıdır ki, bu cür raket buraxılışları riski artırır və səhv hesablamalar nəticəsində qarşılıqlı hərbi qarşıdurmaya səbəb ola bilər. Hazırda NATO və Türkiyə bu tip hərəkətləri dərhal neytrallaşdırmaqla hələ ki həm strateji balansı qoruyur, həm də qarşı tərəfi cəlb etmədən vəziyyəti idarə edir. Başqa sözlə, Türkiyə hələ ki vəziyyəti nəzarətdə saxlayaraq münaqişənin genişlənməsinin qarşısını alır. Amma İranın bu şəkildə hərəkətləri qarşısında və ya həmin raketlərin Türkiyəyə hansısa şəkildə zərər verəcəyi halda reaksiyanın fərqli olma ehtimalı da var. İranın bunu anlaması və odla oynamaması lazımdır”.
Sevinc İbrahimzadə / Metbuat.az