İqtisadiyyat

Neftin bahalaşması Azərbaycan üçün nə vəd edir? -

ŞƏRH

Metbuat.az

Bu gün OPEC+ Birgə Monitorinq Komitəsinin nazirlərinin onlayn iclası qlobal neft bazarının gələcək istiqamətinə dair mühüm siqnallar verə bilər. İclas fonunda bazarda yüksək volatillik davam edir və qiymətlər əvvəlcədən proqnozlaşdırılan səviyyəni üstələyir.

Mövcud şəraitdə Azərbaycan üçün əsas diqqət həm valyuta sabitliyinə, həm də ixrac gəlirlərinin dinamikasına yönəlir. Gündəlik 450–500 min barel ixrac edən ölkə üçün neftin hər 1 dollar bahalaşması əhəmiyyətli əlavə maliyyə axını yaradır. Bu baxımdan, qiymət artımları qısamüddətli dövrdə büdcə və daxilolmalar üçün müsbət təsir formalaşdırsa da, bazardakı qeyri-müəyyənliklər risk faktorlarını aktuallaşdırır.

Mövzu barədə Metbuat.az-a açıqlamasında iqtisadçı Pərviz Heydərov bildirib ki, geosiyasi müstəvidə bu prosesin təsiri daha çox dolayı və məhdud xarakter daşıyır. İqtisadçının sözlərinə görə, maliyyə imkanlarının genişlənməsi ölkənin iqtisadi gücünü artırmaqla onun mövqeyinin güclənməsi kimi müsbət fond yaratsa da, neft qiymətlərinin yüksəlməsi ilə Azərbaycanın geosiyasi mövqeyi arasında birbaşa səbəb-nəticə əlaqəsi mövcud deyil:

“Neftin qiymətinin artmasının Azərbaycanın regiondakı geosiyasi mövqeyinə birbaşa təsiri yoxdur. Bu artım əsas etibarilə ölkənin maliyyə imkanlarının genişlənməsi ilə nəticələnir, Azərbaycan Respublikası Dövlət Neft Fonduna daxilolmaları artırır və dövlətin valyuta ehtiyatlarının çoxalmasına şərait yaradır.

Digər tərəfdən, neft gəlirlərinin artması qısamüddətli dövrdə müsbət makroiqtisadi effektlər versə də, uzunmüddətli perspektivdə müəyyən risklər yaradır. Bu risklər ilk növbədə iqtisadiyyatın şaxələndirilməsinin zəifləməsi və neft amilindən asılılığın dərinləşməsi ilə bağlıdır”.

Pərviz Heydərov xatırladıb ki, qlobal bazarlarda neftin bahalaşması fonunda istehlak mallarının qiymətlərinin yüksəlməsi daxili inflyasiya təzyiqlərini artırır:

“Azərbaycanın idxaldan asılı istehlak bazarı bu təsirlərə daha həssasdır. Nəticədə, xarici qiymət şokları daxili bazara ötürülərək ümumi qiymət səviyyəsinin artmasına və iqtisadi sabitliyin zəifləməsinə səbəb ola bilər. Neft gəlirlərinin artması ölkənin maliyyə imkanlarını genişləndirsə də, paralel olaraq inflyasiya risklərini gücləndirir və uzunmüddətli iqtisadi inkişaf baxımından struktur problemləri dərinləşdirə bilər. Bu isə iqtisadi siyasətdə balanslaşdırılmış və ehtiyatlı yanaşmanın vacibliyini ön plana çıxarır”.

Millət vəkili Vüqar Bayramov hesab edir ki, Azərbaycanın regiondakı geosiyasi mövqeyi onun gücü ilə birbaşa bağlıdır və bu güc həm siyasi, həm də iqtisadi komponentləri özündə birləşdirir. Onun sözlərinə görə, Azərbaycanın birbaşa iştirakı və mövqeyi nəticəsində regionda yeni düzən formalaşıb və bu prosesdə ölkə əsas aktorlardan biri kimi çıxış edir.

Deputat vurğulayır ki, neftin dünya bazar qiymətində baş verən artımlar adətən qısa və ortamüddətli dövrü əhatə edir və əsasən regiondakı geosiyasi proseslərlə şərtlənir.

Bununla belə, həm əvvəlki dövrdə, həm də hazırkı mərhələdə Azərbaycanın siyasi mövqeyi güclü olaraq qalır və bu mövqenin daha da möhkəmlənəcəyi gözlənilir. Eyni zamanda, neft qiymətlərindəki artım qlobal inflyasiya təzyiqlərini gücləndirir, xüsusilə istehsal xərclərinin artmasına səbəb olaraq məhsulların maya dəyərinə və satış qiymətlərinə birbaşa təsir göstərir. Bu isə idxaldan asılı ölkələr üçün əlavə risklər yaradır.

Mövcud şəraitdə çıxış yolu kimi millət vəkili hesab edir ki, dünya bazarındakı qiymət artımlarının Azərbaycanın istehlak bazarına təsirlərini minimumlaşdırmaq üçün çevik fiskal alətlərdən istifadə edilməlidir:

“Bu baxımdan, təklifimiz ondan ibarətdir ki, dünya bazarında baş verən qiymət artımlarının Azərbaycan istehlak bazarına təsirini minimumlaşdırmaq üçün hökumət tərəfindən ölkəyə idxal edilən bəzi ərzaq məhsullarına güzəştlərin tətbiqi məsələsinə baxılsın. Xüsusən də söhbət müəyyən ərzaq məhsulları üzrə vergi güzəştlərindən gedir. Belə ki, bir sıra ərzaq məhsulları üzrə əlavə dəyər vergisində güzəştlərin tətbiqi daha məqsədəuyğun hesab olunur. Bu addım dünya bazarındakı qiymət artımlarının Azərbaycan istehlak bazarına təsirlərinin minimumlaşdırılmasına xidmət edə bilər”.

Gülbəniz Hüseynli / Metbuat.az

Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” mövzusu üzrə dərc olunub.