Texnologiya
"iPhone" cihazlarına yeni funksiya gəlir
Apple şirkətinin hazırladığı iOS 27 yeniləməsi ilə bağlı yeni detallar ortaya çıxıb.
Məlumata görə, yeni versiyada "iPhone" klaviaturasına süni intellekt əsaslı yazı köməkçisi inteqrasiya ediləcək. Sistem yalnız yazı səhvlərini düzəltməklə kifayətlənməyəcək, həm də istifadəçilərə cümlə quruluşuna uyğun alternativ söz və ifadələr təklif edəcək.
Bildirilir ki, bu funksiya "Apple Intelligence" platformasına əsaslanacaq və daha ağıllı, intuitiv yazı təcrübəsi təqdim edəcək. Eyni zamanda, yeniliyin yalnız süni intellekt dəstəyi olan "iPhone" modellərində işləyə biləcəyi qeyd olunub.
"Apple"ın yeni funksiyanı rəsmi şəkildə iyunun 8-də keçiriləcək WWDC tədbirində təqdim edəcəyi gözlənilir.