"Paşinyanı çətin günlər gözləyir" -
Siyasi sərhçi
“Ermənistanda qarşıdan gələn parlament seçkiləri həm ölkə daxilində, həm də bütövlükdə region üçün ciddi əhəmiyyət daşıyır. Bu seçkilər təkcə gələcəkdə siyasi hakimiyyətin kimdə olacağını müəyyən etməyəcək, eyni zamanda Ermənistanın gələcək inkişaf istiqamətini də müəyyənləşdirəcək”.
Bunu Metbuat.az-a açıqlamasında "Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi" (CASCFEN) İctimai Birliyinin sədri, siyasi şərhçi Nadir Azəri deyib.
Onun sözlərinə görə, əgər Nikol Paşinyan və komandası yenidən xalqın etimadını qazanarsa, Ermənistanın inkişaf, sabitlik və daha praqmatik siyasət yolunda irəliləməsi üçün müəyyən imkanlar yaranacaq: “Lakin əgər Kremlin təsiri altında olan revanşist qüvvələr qalib gəlsə, bu halda Ermənistan yenidən köhnə - faşist təmayüllü, işğalçı və qonşulara qarşı düşmənçilik üzərində qurulmuş siyasətə qayıda bilər. Açıq şəkildə demək lazımdır ki, Paşinyan və komandası Ermənistanın azad və sabit inkişafı üçün müəyyən addımlar atmağa çalışır. Amma əsas problem ondadır ki, bu yanaşma cəmiyyət tərəfindən tam şəkildə qəbul olunmur. Daha dəqiq desək, Ermənistan cəmiyyətində revanşist, faşist və işğalçı təfəkkür hələ də aradan qalxmayıb”.
Fotoda: Siyasi şərhçi Nadir Azəri
Siyasi şərhçi bildirib ki, bu reallıq son hadisələrdə də açıq şəkildə özünü göstərir: “Ermənistan parlamentinin spikeri Alen Simonyan Qarabağ əvəzinə “Artsax” sözünü işlədən jurnalistə etiraz edərək bildirib ki, Qarabağ Azərbaycanın ərazisidir. O, deyib ki, Ermənistanın heç vaxt qonşularına qarşı ərazi iddiası olmamalıdır. A.Simonyanın bu mövqeyi əslində Ermənistanda hakim komandanın yanaşmasını əks etdirir. Lakin məsələ ondadır ki, bu yanaşma cəmiyyətin bütün təbəqələrində qəbul olunmur. Əksinə, hələ də bəlli bir kütlə köhnə stereotiplər, miflər və uydurma “Artsax” ideologiyası ilə yaşayır. Beləliklə, reallıq ondan ibarətdir ki, Paşinyan və komandası bu gün iki cəbhədə mübarizə aparır. Bu komanda bir tərəfdən, Ermənistanı Rusiyanın təsirindən çıxarmağa çalışır, digər tərəfdən isə ölkə daxilində kök salmış təhlükəli düşüncə tərzi ilə mübarizə aparmağa məcburdur. Bu isə asan proses deyil. Çünki bu gün bir jurnalistin belə sual verməsi və həmin terminologiyanı normal hesab etməsi onu göstərir ki, Ermənistan cəmiyyətində hələ də reallıqdan uzaq, aqressiv və işğalçı düşüncə tərzi hakimdir. Bu baxımdan, Paşinyan və komandasını qarşıda uzun və çətin bir yol gözləyir. Əgər onlar həqiqətən uğur qazanmaq istəyirlərsə, ilk növbədə Ermənistan cəmiyyətində mövcud olan revanşist, işğalçı təfəkkürü aradan qaldırmalı, cəmiyyəti reallığı qəbul etməyə və daha rasional düşünməyə yönəltməlidirlər. Əks halda, istənilən siyasi dəyişiklik dayanıqlı nəticə verməyəcək”.
Seymur Vaqifoğlu