Ölən şəxsin pensiyası ailəsinə çatır?
Azərbaycanda vəfat edən şəxsin pensiya hüquqları ilə bağlı məsələlər cəmiyyətdə tez-tez müzakirə olunur. Bəs vəfat edən şəxsin pensiyası və ya yığılmış pensiya kapitalı varislərə birbaşa miras kimi keçirmi? Yoxsa yalnız ailə başçısını itirməyə görə əmək pensiyası təyin olunur? Bu pensiyanı kimlər ala bilər, hansı şərtlər var (staj, yaş, əlillik, təhsil və s.) və pensiya kapitalı bu prosesdə necə nəzərə alınır?
İqtisadçı ekspert Xalid Kərimli Metbuat.az-a məsələ ilə bağlı açıqlama verib. O bildirib ki, Azərbaycanda pensiya kapitalının varislərə keçirilməsi mexanizmi yoxdur. Yəni şəxsin nə qədər pensiya kapitalı yığmasından, pensiyaya çıxıb-çıxmamasından, gənc və ya yaşlı vaxtda vəfat etməsindən, eləcə də həmin kapitaldan istifadə edib-etməməsindən asılı olmayaraq, bu vəsait varislərə ötürülmür. Çünki Azərbaycanın seçdiyi pensiya sistemi nəsillərarası maliyyələşdirmə qaydasına uyğun qurulub:
“Yəni hazırda işləyənlər pensiya fonduna ödəniş edir və həmin vəsait hesabına indiki pensiyaçıların pensiyası ödənilir. Gələcəkdə isə bu gün işləyənlər pensiyaya çıxanda, həmin dövrdə işləyənlərin ödədiyi vəsait hesabına pensiya alacaqlar. Sistem bu şəkildə fəaliyyət göstərir. Azərbaycanda pensiya fondunun mövcud resursları belə bu mexanizmi tam qarşılamağa kifayət etmir. Hər il dövlət büdcəsindən fonda əlavə vəsait ayrılır ki, cari pensiyaların ödənilməsi təmin olunsun. Pensiya fondu tam olaraq özünü maliyyələşdirə bilmir. Bu səbəbdən mövcud sistem çərçivəsində “pensiya kapitalı ölən şəxsin ailəsinə verilməlidir” və ya “istənilən formada çıxarıla bilməlidir” kimi yanaşmalar daha çox populist xarakter daşıyır. Qulağa cəlbedici gəlsə də, praktik baxımdan real deyil. Çünki ölkədə on minlərlə insan var ki, pensiya hüququ olmasa belə, onlara pensiya ödənilir. Əgər hər kəs yalnız öz yığdığı vəsait hesabına pensiya alsaydı, bu şəxslər ümumiyyətlə pensiya ala bilməzdi”.
X.Kərimli qeyd edib ki, Azərbaycanda əsas prinsip həmrəylikdir, fərdi uçot sistemi isə sadəcə pensiyanın məbləğinin müəyyənləşdirilməsinə xidmət edir. Yəni vətəndaşın ödədiyi vəsait gələcəkdə alacağı pensiyanın həcmini müəyyən edir:
“Hazırda özəl pensiya fondları ilə bağlı qanun layihəsinin hazırlanması nəzərdə tutulur. Bu sistemdə qeyd olunan mexanizmlər tətbiq oluna bilər, lakin bu, paralel bir model olacaq. İstəyən şəxslər həmin sistemdə iştirak edə, istəməyənlər isə mövcud dövlət pensiya sistemində qala bilərlər”.
Sevinc İbrahimzadə / Metbuat.az