Naxçıvana dron hücumu:
İran nə istəyir?
İran Silahlı Qüvvələrinin Naxçıvan ərazisinə dron zərbəsi endirməsi regionda gərginliyi artıran ciddi hadisə kimi qiymətləndirilir. Bu addım bir tərəfdən İranın rəsmi ritorikası ilə praktiki addımları arasındakı ziddiyyəti ortaya qoyur, digər tərəfdən isə qonşuluq münasibətlərinin əsas prinsiplərinə zərbə vurur. Hadisə bölgə üçün xarakterik olan təhlükəsizlik mühitini risk altında qoyur. Hadisələrin inkişafı göstərir ki, İranın da əsas məqsədi budur: bölgəni xaosa sürükləmək. Məşhur atalar sözündə deyildiyi kimi, “cəhənnəmə gedən özünə yoldaş axtarır”...
Bunu İranda da bilirlər: Azərbaycan uzun illərdir ki, qonşu dövlətlərlə münasibətlərdə qarşılıqlı hörmət və mehriban qonşuluq prinsipinə sadiq qaldığını nümayiş etdirib.
Metbuat.az xatırladır ki, rəsmi Bakı dəfələrlə bəyan edib ki, ölkə ərazisi heç vaxt başqa dövlətlərə qarşı təhdid və ya hərbi fəaliyyət üçün istifadə olunmayıb. Bu yanaşma regionda sabitliyin qorunmasına yönəlmiş siyasətin əsas elementlərindən biri sayılır.
Son hadisələr fonunda diqqət çəkən məqamlardan biri də Azərbaycanın İranla bağlı humanitar və diplomatik jestləridir. İranın Ali liderinin ölümü ilə bağlı Azərbaycan Prezidenti dərhal başsağlığı verib, diplomatik nümayəndəliyə baş çəkərək həmrəylik nümayiş etdirib. Hətta rəsmi Bakı İran üçün humanitar yardım göndərilməsi məsələsini də gündəmə gətirmişdi.
Belə bir şəraitdə Naxçıvan ərazisində mülki obyektin - vətəndaşların istifadə etdiyi hava limanının hədəf alınması ciddi suallar doğurur. Mülki infrastruktura qarşı dron hücumu beynəlxalq humanitar hüququn prinsipləri baxımından da qəbuledilməz hesab olunur. Bu cür addımlar mülki əhalinin təhlükəsizliyinə birbaşa risk yaradır və terror xarakterli əməl kimi qiymətləndirilə bilər.
Sözsüz ki, mülki obyektlərə zərbə endirmək hərbi və siyasi baxımdan zəiflik əlamətidir. Çünki belə hücumlar real hərbi üstünlük yaratmaqdan daha çox psixoloji təsir məqsədi daşıyır. Bu isə regionda gərginliyi azaltmaq əvəzinə, qarşılıqlı etimadsızlığı və təhlükəsizlik risklərini daha da artırır.
Tarix göstərir ki, Azərbaycana qarşı aqressiv addımlar atan qüvvələr son nəticədə bunun mənfi nəticələri ilə üzləşiblər. Regionun siyasi təcrübəsi də sübut edir ki, sabitlik və təhlükəsizlik yalnız qarşılıqlı hörmət və beynəlxalq hüquqa riayət yolu ilə təmin oluna bilər. Bu baxımdan son hadisə region dövlətləri üçün ciddi nəticələr doğura biləcək təhlükəli presedent kimi qiymətləndirilir.
Nazim Hüseynzadə / Metbuat.az