Maraqlı

​Ərə getmək üçün ən ideal yaş neçədir?

Metbuat.az

Ailə qurmaq insan həyatının ən taleyüklü məsələlərindən biridir. Təəssüf ki, son illər erkən nikahlarla tez-tez qarşılaşırıq. Bəzi insanlar erkən yaşda ailə qurmaqda qəbahət görmürlər. Amma qüvvədə olan qanunvericilik erkən nikahları qadağan edir. Təbii ki, evlilik üçün həm bioloji, həm də psixoloji hazırlıq ön plandadır.

Psixoloq Vüsalə Rüstəm Metbuat.az-a açıqlamasında erkən nikahların ciddi fəsadlar doğurduğunu bildirib. Onun sözlərinə görə, qadın orqanizmi 25-30 yaş arasında tam yetkinlik dövrünü yaşayır və bu yaş aralığında ailə qurmaq həm fiziki, həm də reproduktiv sağlamlıq üçün daha əlverişlidir. Psixoloq erkən nikahın bir çox hallarda sağlamlıq problemlərinə yol açdığını vurğulayıb: “Bədən tam formalaşmamış bir qızın hamiləliyi həm onun həyatına, həm də doğulacaq uşağın sağlamlığına ciddi təhlükədir. Həmçinin bu yaşda hamiləlik psixoloji baxımdan da ciddi fəsadlara yol açır depressiya, özünə qapanma, ailə zorakılığına dözmək kimi hallarla tez-tez qarşılaşırıq”.

Vüsalə Rüstəm qeyd edib ki, ailə qurmaq üçün emosional və psixoloji yetkinlik də çox önəmlidir: “Şəxsin özünə güvənməsi, həyatını düzgün planlama bacarığı və emosional sabitliyi nikahın uğurlu olması üçün əsas şərtlərdir. Yaş yalnız statistik göstəricidir, amma hazır olmayan bir insanın hansı yaşda ailə qurması fərq etməz - münasibətlərin sağlamlığı daha önəmlidir. Ümumi rəy belədir ki, ideal yaş fərdi hazırlığa bağlıdır. Fiziki və emosional yetkinlik bir araya gəldikdə, 25-30 yaş qadınlar üçün, 27-32 yaş isə kişilər üçün daha uyğun hesab edilir. Vacib olan qarşılıqlı anlaşma, sevgi və həyat tərzini düzgün planlama bacarığıdır”.

Nazim Hüseynzadə / Metbuat.az