Bu şəxslər 10 günədək həbs oluna bilər
Müəyyən yaşayış yeri və sabit gəliri olmayan, heç bir işlə və ya peşə fəaliyyəti ilə məşğul olmayan, əsasən dilənçilik və ya xırda oğurluqla dolanan şəxslər qanunvericilikdə “avaralıqla məşğul olan şəxs” kimi göstərilir.
Metbuat.az-ın məlumatına görə, İnzibati Xətalar Məcəlləsinə əsasən, avaralıqla məşğul olmaq inzibati məsuliyyət yaradır. Bu hal aşkar edilərsə, şəxsə əvvəlcə xəbərdarlıq edilə bilər. Əgər bu tədbir yetərli sayılmazsa, həmin şəxs 10 günədək inzibati qaydada həbs oluna bilər.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər isə ya xəbərdarlıq edilir, ya da 20–25 manat arası cərimə olunaraq ölkə hüdudlarından kənara çıxarıla bilər. Qanuna görə, yetkinlik yaşına çatmayanların avaralığa cəlb edilməsi də ayrıca pozuntu sayılır. Bu halda məsul şəxs 50 manatdan 90 manatadək cərimə edilir. Əgər bu kifayət etməzsə, ona 5 gündən 15 günədək inzibati həbs verilə bilər.
Qeyd edək ki, rəsmi qaydada işaxtaran və ya işsiz kimi qeydiyyata alınmış şəxslər bu kateqoriyaya daxil edilmir.
Sevinc İbrahimzadə / Metbuat.az