Siyasət

Xocalı qatilləri layiqli cəzalarını alacaqlar -

ŞƏRH

Metbuat.az

Bu gün Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Azərbaycanın Xocalı şəhərinin işğalı və Xocalı soyqırımının törədilməsindən 34 il ötür.

Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri Əziz Ələkbərli Metbuat.az-a açıqlamasında bildirib ki, 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə bəşəriyyət tarixinə ən qanlı və amansız səhifələrdən biri kimi yazıldı. Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Xocalı şəhərində törədilən soyqırımı aktı əslində bütün insanlığa qarşı yönəlmiş ağır cinayət idi. Bu faciə erməni vəhşiliyinin tipik nümunəsi kimi, tarixdə həmişəlik qalacaq. Həmin tarixdən 34 il ötsə də, Xocalı adı Azərbaycan xalqı üçün həm böyük bir kədərin, həm də ədalət uğrunda sarsılmaz mübarizənin rəmzinə çevrilib.

O qeyd edib ki, qətliam nəticəsində rəsmi statistikaya görə 613 nəfər həyatını itirib. Onların arasında 63 uşaq, 106 qadın və 70 qoca var idi. Erməni şovinistləri yüz illər sonra da bu qanlı ləkəni öz əllərindən, üzlərindən silə bilməyəcəklər:

“Xocalı faciəsi beynəlxalq hüquq normalarına, xüsusilə 1948-ci il "Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyaya görə tam mənada soyqırımıdır. Müzəffər Azərbaycan Ordusu 2020-ci il Vətən müharibəsi və 2023-cü ilin sentyabrındakı antiterror tədbirləri ilə Xocalı qurbanlarının qisasını döyüş meydanında aldı. Şəhidlərimizin qanı yerdə qalmadı. Bu gün Xocalı şəhərində Azərbaycan bayrağı dalğalanır, şəhər yenidən qurulur və illərdir vətən həsrəti ilə yaşayan sakinlər öz doğma yurdlarına qayıdırlar”.

Xocalı qatillərinin bir qismi Azərbaycan məhkəməsi tərəfindən öz layiqli cəzalarını aldığını vurğulayan millət vəkili söyləyib ki, bu proses davam edəcək, Köçəryan, Sarkisyan kimi cəlladlar da öz layiqli cəzalarını alacaqlar:

“Qərbi Azərbaycanda da soydaşlarımıza qarşı ermənilər tərəfindən vaxtaşırı deportasiya və soyqırımları həyata keçirilib, onların da qisası alınacaq və biz bu gün Qarabağa, Şərqi Zəngəzura qayıtdığımız kimi, Qərbi Azərbaycanın da hər qarışına qayıdacağıq”.

Milli Məclisin deputatı Nizami Səfərov isə öz açıqlamasında Xocalı faciəsi Azərbaycanın müasir dövlətçilik tarixindəki rolundan danışıb. O bildirib ki, Xocalı faciəsi Azərbaycanın müasir dövlətçilik tarixində həm siyasi, həm hüquqi, həm də mənəvi baxımdan dönüş nöqtəsi hesab olunur:

“Bu hadisə təkcə bir şəhərin və onun sakinlərinin faciəsi deyildi. Bu, bütövlükdə Azərbaycan xalqına qarşı yönəlmiş etnik təmizləmə siyasətinin ən ağır və qanlı təzahürü idi. Xocalı hadisələri Azərbaycan cəmiyyətində milli həmrəyliyin güclənməsinə, dövlətçilik ideyalarının daha da möhkəmlənməsinə və müstəqil dövlətin təhlükəsizlik siyasətinə baxışın köklü şəkildə dəyişməsinə səbəb oldu”.

Deputat vurğulayıb ki, Xocalı soyqırımı Azərbaycan dövlətinin milli təhlükəsizlik siyasətinə, beynəlxalq hüquqa yanaşmasına və dövlətçilik mövqeyinin möhkəmlənməsinə ciddi təsir göstərib:

“Məhz bu faciədən sonra Azərbaycan dövləti beynəlxalq hüququn alətlərindən istifadə etməklə haqq səsini dünya ictimaiyyətinə çatdırmağın vacibliyini daha aydın şəkildə dərk etdi. 1994-cü ildə Milli Məclisin Xocalı soyqırımı ilə bağlı qərar qəbul etməsi və sonrakı illərdə bu hadisəyə siyasi-hüquqi qiymət verilməsi dövlətçilik tariximizin mühüm mərhələsidir. Bu, həm də onu göstərdi ki, Azərbaycan dövləti öz vətəndaşlarına qarşı törədilən cinayətləri unutmayacaq və hüquqi müstəvidə mübarizəni davam etdirəcək”.


N.Səfərov qeyd edib ki, soyqırım beynəlxalq hüquqda “cinayətlərin cinayəti” hesab olunur və bu cür əməllərin təqibi beynəlxalq birliyin ümumi hüquqi maraqları çərçivəsində həyata keçirilməlidir. Onun fikrincə, Xocalıda baş verənlərə beynəlxalq müstəvidə lazımi hüquqi qiymətin verilməməsi ikili standartların təzahürüdür:

“Xocalı faciəsinin yaddaşının qorunması üçün faktların hüquqi müstəvidə araşdırılması, sənədləşdirilməsi və beynəlxalq ictimaiyyətə çatdırılması vacibdir. Universal yurisdiksiya prinsipinin tətbiqi çox böyük əhəmiyyət daşıyır, mülki əhaliyə qarşı cinayət törədən şəxslər harada olmalarından asılı olmayaraq məsuliyyətə cəlb edilməlidirlər. Xocalı soyqırımı Azərbaycan xalqının yaddaşından silinməyəcək və bu hadisəyə tam hüquqi qiymət verilməsi istiqamətində mübarizə davam etdirilməlidir”.

Sevinc İbrahimzadə / Metbuat.az

Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə "Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması" mövzusu üzrə dərc olunub.