Təqaüd alanların nəzərinə
Azərbaycanda təqaüdçülərin kredit götürməsi qanunla qadağan olunmur. Yəni pensiya alan şəxslər də digər vətəndaşlar kimi kredit üçün müraciət edə bilirlər. Lakin kreditin verilib-verilməməsi ümumi qaydalarla deyil, hər maliyyə təşkilatının daxili qiymətləndirməsinə əsasən müəyyən edilir.
Metbuat.az-ın məlumatına görə, müraciətlərə baxılarkən əsasən şəxsin yaşı, aylıq pensiya məbləği, əlavə gəliri olub-olmaması, kredit tarixçəsi və mövcud borcları nəzərə alınır. Çox vaxt yaş limiti tətbiq olunur və bu limit kredit müddətinin sonuna qədər hesablanır. Buna görə də təqaüdçülərə verilən kreditlər adətən kiçik məbləğli və qısa müddətli olur.
Qeyd edək ki, risk faktoruna görə belə kreditlərin faiz dərəcəsi bəzən daha yüksək ola bilər. Bəzi hallarda maliyyə qurumu əlavə təminat — zamin, girov və ya həyat sığortası tələb edə bilər. Həmçinin müştərinin razılığı ilə aylıq ödənişlərin birbaşa pensiyadan tutulması mexanizmi də tətbiq oluna bilər ki, bu da gecikmə ehtimalını azaldır.
Buna görə də vətəndaşlara tövsiyə olunur ki, kredit götürməzdən əvvəl müqavilənin bütün şərtləri diqqətlə oxunsun. Xüsusilə gecikmə cərimələri, əlavə komissiyalar və kreditin vaxtından əvvəl bağlanması zamanı tətbiq edilə biləcək ödənişlər əvvəlcədən dəqiqləşdirilməlidir.
Sevinc İbrahimzadə / Metbuat.az