Rusiya-Ukrayna müharibəsi bu tarixdə sonlana bilər
ABŞ prezidenti Donald Tramp ilə Ukrayna prezidenti Volodimir Zelenski arasında telefon danışığı baş tutub. Söhbət zamanı müharibənin başa çatdırılması istiqamətində danışıqların intensivləşdirilməsi, Cenevrədə ikitərəfli və martın əvvəlində üçtərəfli görüşlərin planlaşdırılması diqqət çəkir. Bəs bu təmaslar Ukrayna–Rusiya müharibəsinin gedişatına real təsir göstərə bilər, yoxsa daha çox siyasi xarakter daşıyır?
Politoloq Elşad Həsənov Metbuat.az-a açıqlamasında bildirib ki, ABŞ prezidenti Donald Tramp hakimiyyətə gələndən Rusiya-Ukrayna müharibəsini dayandırmağa çalışır. Ancaq indiyə qədər onun çalışmaları bir nəticə vermir:
“Açıq demək lazımdır ki, Rusiya hər dəfə öz məqsədlərinə çatana qədər müharibəni aparacağını bildirir. Onların məqsədi o idi ki, Ukraynada hakimiyyəti dəyişsinlər, Rusiyayönümlü adamı hakimiyyətə gətirsinlər və Ukraynanı öz təsirləri altına salsınlar. Buna müvəffəq olmadılar və ona görə də bu gün də müharibə davam edir, hətta artıq beşinci ilə keçir. Dörd il ərzində dünənin supergüclərindən biri sayılan Rusiya Ukraynanı işğal edə bilməyib. Ukraynanın cəmi 20% torpaqlarını işğal edib və bununla da milyondan artıq hərbi qulluqçusunu itirib. Yaralı və ölənlərin ümumi sayı milyonu keçib. Çoxlu hərbi texnika, təyyarə və tank itirilib. Yəni Rusiya həm də iqtisadi cəhətdən çöküş mərhələsinə daxil olub. Hazırda ölkədə əsasən hərbi sənaye gecə-gündüz işləyir, digər sahələr isə demək olar ki, zəifləyib”.
E.Həsənovun sözlərinə görə, son bir il yarımda Ukrayna dronları Rusiyanın neft sektoruna ciddi ziyan vurub və bu da ölkədə böyük çətinliklər yaradır:
“Məhz buna görə də Trampın təzyiqi altında Rusiya danışıqlara gedir. Ancaq əsas problem torpaq məsələsidir. Rusiya Ukraynanın Donbas bölgəsinin işğal olunmayan hissələrinin də verilməsini istəyir. Donbasın təxminən 20%-i hələ də Ukraynanın nəzarətindədir və buna Ukrayna tərəfi — prezident Volodimir Zelenski razı olmur. Əsas məsələ budur, digər məsələlər demək olar ki, həll olunub. Yəni ərazi məsələsi qalıb. Hətta Tramp təklif edir ki, həmin 20% torpaq Rusiyaya verilsin, əvəzində Ukraynaya təhlükəsizlik paketi təqdim olunsun. Eyni zamanda Ukraynanın yenidən qurulması üçün həm ABŞ, həm də Avropa tərəfindən böyük dəstək veriləcəyi bildirilir. Ancaq Zelenski hələlik buna razılaşmır”.
Politoloq qeyd edib ki, hazırda Cenevrə şəhərində Trampın nümayəndələri — Stiv Vitkoff və Cared Kuşner ilə Ukraynanın müdafiə naziri Rüstəm Umerov arasında görüş gözlənilir. Martın əvvəlində isə üçtərəfli görüşün keçirilməsi planlaşdırılır:
“Tramp çalışır ki, iyulun 4-nə qədər müharibə dayandırılsın. Həmin tarix həm ABŞ-ın Müstəqillik günüdür, həm də onun 80 illiyinə təsadüf edir. Buna görə o, müharibəni bu vaxta qədər bitirmək üçün ciddi səylər göstərir. Ancaq bu danışıqlar və təmaslar hələlik müharibənin gedişinə birbaşa təsir etmir. Bu proses daha çox siyasi müstəvidə müharibəni dayandırmağa yönəlib. Müharibə dayandırılana qədər isə döyüşlər öz qanunları ilə davam edir, Rusiya Ukraynanın dərinliklərinə raket zərbələri endirir, Ukrayna isə dronlarla Rusiyanın enerji sektoruna ziyan vurur. Bu vəziyyət siyasi qərar qəbul olunana qədər davam edəcək. Məncə, Trampın dediyi kimi, iyul ayına qədər müharibəni bitirmək mümkün ola bilər”.
Sevinc İbrahimzadə / Metbuat.az