Ölkə

Çin avtomobilləri daha belə olmayacaq -

FOTO

Metbuat.az

Son dövrlər sosial şəbəkələrdə belə bir iddia tez-tez səslənir ki, Çin istehsalı olan avtomobillərdə qəza və ya yanğın zamanı qapılar avtomatik olaraq bloklanır və salonun içində olan şəxslər avtomobildən çıxa bilmir. Bu iddialar xüsusilə elektrik və hibrid avtomobillərlə bağlı narahatlıqları artırır və sürücülərin təhlükəsizlik məsələlərinə həssas yanaşmasına səbəb olur.

Avtomobil ustası Sahil Ağabəyli Metbuat.az-a açıqlamasında bildirib ki, bu ilin fevral ayının 2-də Çinin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyi bununla bağlı rəsmi qərar açıqlayıb. Qərara əsasən, 2027-ci ilin yanvarından etibarən ölkədə satılacaq həm yerli istehsal, həm də ixrac üçün nəzərdə tutulan avtomobillərdə mexaniki olmayan, çöldən gizli qapı dəstəkləri və salondan yalnız düymə vasitəsilə açılan qapı mexanizmləri artıq istehsal edilməyəcək:

“Belə “düymə ilə açılan” zərif qapı tutacaqları sertifikat ala bilməyəcək. Avtomobil istehsalçılarına bu sistemləri tamamilə aradan qaldırmaq üçün 2029-cu ilə qədər – iki illik möhlət verilib. Bu qərarın qəbul edilməsinə səbəb 2025-ci ilin martında Anhoy əyalətində baş verən ağır yol-nəqliyyat hadisəsidir. Xiaomi SU7 markalı elektromobilin 97 km/saat sürətlə beton maneəyə çırpılması nəticəsində avtomobildə olan üç tələbə həyatını itirib. Qəza zamanı nə avtomobilin içərisində olan şəxslər qapıları aça biliblər, nə də hadisə yerinə gələn xilasedicilər və vətəndaşlar avtomobilə operativ şəkildə müdaxilə edə biliblər. Qapıların mexaniki dəstəklərinin olmaması səbəbindən xilasedicilər məcburən şüşəni sındırmalı olublar. Bu gecikmə isə faciəli nəticəyə gətirib çıxarıb. Hadisədən sonra Çin avtomobil istehsalçıları belə qənaətə gəliblər ki, təhlükəsizlik baxımından risk yaradan bu texnologiyalardan imtina edilməlidir”.

S.Ağabəyli qeyd edib ki, yeni qaydalara əsasən, Çində istehsal olunan bütün avtomobillərdə qapılar çöldən klassik mexaniki üsulla – əl ilə dartılan qapı dəstəyi vasitəsilə açılmalıdır. Eyni zamanda salonda da düymə yox, əlin rahat yerləşdiyi ənənəvi mexaniki qapı açma dəstəyi olmalıdır:

“Qərar 2027-ci ildən qüvvəyə minəcək və 2029-cu ilə qədər bu tip elektron və düymə ilə açılan qapı mexanizmləri tamamilə ləğv ediləcək”.

Sevinc İbrahimzadə / Metbuat.az