Bu şəxslərə hərbi xidmətdən möhlət verilir
Ailə vəziyyəti ilə əlaqədar bəzi çağırışçılara müddətli həqiqi hərbi xidmətdən möhlət verilir.
Metbuat.az-ın məlumatına görə, bu barədə “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun 19-cu maddəsində qeyd olunub.
Belə ki, ailə vəziyyəti ilə əlaqədar olaraq, başqa övladı olmayan və orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə əlilliyi olan ata və ya anaya baxan şəxslərə, 3 və daha çox övladı olan çağırışçılara, orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə əlilliyi olan həyat yoldaşı olan şəxslərə, ailədə ata olmadıqda 8 yaşınadək 3 və daha çox uşağı olan analara, eləcə də ailədə ana olmadıqda bu uşaqlara baxan atalara, həmçinin 18 yaşınadək və ya ağır əlilliyi olan qardaş və ya bacıya baxan şəxslərə (əgər onları saxlaya biləcək başqa ailə üzvü yoxdursa) müddətli həqiqi hərbi xidmətdən möhlət verilir.
Qanunvericiliyə görə, bu möhlət hüququ 30 yaşa qədər tətbiq olunur. Bu yaşa qədər möhlət hüququnu itirməyən şəxslər sülh dövründə hərbi xidmətdən azad edilir və ehtiyata keçirilir.
Qeyd edək ki, qardaş və ya bacını saxlamaq imkanı olan digər ailə üzvləri dedikdə, maddi və mənəvi yardım göstərə bilən və real imkanlara malik şəxslər nəzərdə tutulur.
Sevinc İbrahimzadə / Metbuat.az