Boşananlar cərimələnə bilər?
Ədliyyə Nazirliyinin açıqladığı rəsmi statistikaya əsasən, bu ilin yanvar ayında 2914 nikah qeydə alındığı halda, eyni dövrdə 1779 nikah pozulub. Boşanma hallarının sayının artması cəmiyyətdə müxtəlif müzakirələrə səbəb olub və təklif olunub ki, boşanan şəxslərə cərimə tətbiq olunsun. Bəs Azərbaycan qanunvericiliyi baxımından boşanma zamanı tərəflərə əlavə maliyyə sanksiyasının tətbiqi mümkündürmü və belə bir mexanizmin tətbiqi nə dərəcədə əsaslı hesab oluna bilər?
Hüquqşünas Mehman Muradlı Metbuat.az-a açıqlamasında bildirib ki, əgər insanlar bir yerdə yaşamaq istəmirlərsə və boşanmağa qərar verirlərsə, belə bir vəziyyətdə dövlətin cərimə tətbiq etməsi inandırıcı görünmür. Axı insanlar evlənəndə dövlət onlara pul vermir ki, boşananda da cərimə ödəsinlər:
“Boşanmaların sayının artması məsələsi ciddi bir mövzudur. Əslində, dövlət bu kimi sosial problemlərin həllinə fokuslanmalıdır. Çünki boşanmaların əsas səbəblərindən biri sosial çətinliklərdir. Təbii ki, uyğunlaşa bilmədikləri üçün ayrılan cütlüklər də var, amma ümumi mənzərədə sosial faktorların rolu böyükdür. Bu problemin qarşısını almaq üçün əsas mexanizm də məhz sosial məsələlərin həllidir. Məsələn, kişi səhər tezdən evdən çıxıb gecə qayıdır ki, ailəsinə çörək pulu qazansın. Bəzən qazandığı məbləğ ailənin ehtiyaclarını qarşılamağa belə çatmır, uşaqlar çətinlik içində böyüyür. Belə hallarda ailədaxili gərginliklərin yaranması təəccüblü deyil. Ona görə də boşanmaların artmasına səbəb olan əsas amillərdən biri məhz sosial problemlərdir”.
Sevinc İbrahimzadə / Metbuat.az