İqtisadiyyat

Bitkoin ucuzlaşır:

korreksiya, yoxsa çöküş?

Metbuat.az

Bitkoinin qiymətinin 120 min dollardan 60 min dollara qədər enməsi, eyni zamanda kriptovalyuta bazarının ümumi kapitallaşmasının 4,3 trilyon dollardan 2 trilyon dollara düşməsi bazarda ciddi geriləmənin baş verdiyini göstərir. Bu fonda getdikcə kripto bazarı çökür deyə bilərik?

“Crypto Consulting MMC”nin direktoru, "kriptoinvest.az" portalının rəhbəri və UNEC Biznes Məktəbinin müəllimi Elnur Quliyev Metbuat.az-a açıqlamasında bildirib ki, son aylarda kriptovalyuta bazarında müşahidə olunan eniş bir neçə fundamental və texniki faktorun kombinasiyası ilə izah etmək olar.

Ekspert hazırkı enişin əsas səbəbləri kimi qlobal iqtisadi qeyri-müəyyənlik, institusional axınların zəifləməsini və texniki korreksiyanı qeyd edib:

“ABŞ-da faiz siyasəti və inflyasiya ilə bağlı gözləntilər investorları daha ehtiyatlı edir. Riskli aktivlər, o cümlədən kriptovalyutalar bu mərhələdə təzyiq altına düşür. Həmçinin ETF-lərə və böyük fondlara daxil olan vəsait azaldıqda bazarda satış təzyiqi artır. Eyni zamanda Bitkoin əvvəlki həftələrdə sürətlə yüksəlmişdi. Belə artımdan sonra müəyyən geri çəkilmə normal sayılır. Yəni, hazırkı düşüş tək səbəblə deyil, bir neçə faktorun birləşməsi ilə baş verir. Lakin əsas sual hazırda kriptovalyuta alan və ya saxlayan investorlar nə etməlidir? Bu sual hazırkı mərhələdə kriptovalyuta bazar üçün ən kritik məsələdir. Kriptovalyuta bazarı yüksək volatilliklə xarakterizə olunur və qərarlar risk səviyyəsi, likvidlik ehtiyacı və investisiya siyasəti nəzərə alınaraq verilməlidir. Həmçinin nəzərə almaq lazımdır ki, investisiya qərarları emosional yox, strateji əsaslarla verilməsi vacibdir”.

Sevinc İbrahimzadə / Metbuat.az