İranı hansı sanksiyalar gözləyir?
ABŞ İranın enerji və bank sektorlarına, eləcə də ölkənin əsas şəxslərinə qarşı yeni sanksiyalar tətbiq etməyi planlaşdırır. Bəs başqa hansı ölkələr İrana sanksiyalar tətbiq edə bilər?
Politoloq İlyas Hüseynov Metbuat.az-a açıqlamasında bildirib ki, ABŞ İranda yaranmış vəziyyətlə bağlı bir sıra variantları nəzərdən keçirirdi və əsasən Donald Trampın masasında üç mümkün həll yolu var idi. Bunlardan birincisi hərbi müdaxilə, ikincisi kiberhücumlar, üçüncüsü isə iqtisadi sanksiyalar, müxtəlif məhdudiyyətlər və İranın həyati əhəmiyyət kəsb edən sahələrinə qarşı iqtisadi embarqoların tətbiqi idi:
“Hərbi müdaxilədən əvvəl isə daha çox qeyri-hərbi vasitələrin işə salındığı qənaətindəyəm. Bu istiqamətdə ilk növbədə İranın enerji və bank sektorlarına qarşı sanksiyaların tətbiqi ilə bağlı yanaşmalar ön plana çıxır. Eyni zamanda hesab edirəm ki, bu prosesə İranla yanaşı digər ölkələr də cəlb oluna bilər. Bununla belə, maraqlı məqamlardan biri Avropa ölkələrinin hazırda Trampın siyasətindən narazı olmasıdır. Bu narazılıq həm Ukrayna, həm də Qrenlandiya məsələləri ilə bağlıdır. Trampın sərt siyasəti, qənaətçiliyə üstünlük verməsi və iqtisadi maraqları ön plana çıxarması, eyni zamanda Avropanın mövqeyinin kifayət qədər nəzərə alınmaması ciddi fikir ayrılıqları və ziddiyyətlər yaradır”.
İ.Hüseynovun qənaətincə, əvvəlki dövrlərdə olduğu kimi ABŞ-nin ardınca bütün Avropa ölkələrinin yekdilliklə Vaşinqtonun mövqeyini dəstəkləməsi bu gün artıq o qədər də real görünmür.
Sevinc İbrahimzadə / Metbuat.az