“Modern ailə dəyərlərinin mediada təşviqi” mövzusunda məlumat bazası yaradılıb
“Modern ailə dəyərlərinin təşviq edilməsində medianın rolunun artırılması” mövzusunda tədbirlər keçirilib.
Metbuat.az xəbər verir ki, fəaliyyət Azərbaycan Jurnalistlərinin Həmrəylik Komitəsi İctimai Birliyi (AJHKİB) tərəfindən icra olunan “Ənənəvi dəyərlərin mediada təşviqi” adlı layihə çərçivəsində icra olunub. Layihənin maliyyə dəstəkçisi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.
Layihənin koordinatoru Mədət Məmmədov bildirib ki, yaşadığımız dövrdə ailə institutunun dağılmasına yönəlik proseslər intensivləşib:
“Statistik məlumatlara görə, son iki il ərzində boşanmaların sayı 35 % artıb. Digər tərəfdən, yeni ailələrin qurulması kəmiyyətcə azalıb. İndiki templə davam edərsə, növbəti illərdə mövcud ailələrin sayı minimuma enəcək, ailənin bir institutut olaraq sıradan çıxması prosesi sürətlənəcək. Bu tendensiyanın səbəbləri fərqli amillərlə əlaqədardır. Onların sırasında modern ailə anlayışı üzrə bilgilərin məhdud olması faktı da önə çəkilir. Ailə institutunun modernləşməsi mütləqdir. Ailə institutunun qorunub saxlanılması, modern çağırışlara uyğunlaşdırılması, yad təsirlərdən qorunaraq milli dəyərlər üzərində inkişaf etdirilməsi prosesinə dəstək vermək layihənin əsas məqsədidir. Media müstəvisində düzgün maarifləndirmə və məlumatlandırma işi qurmaqla, bu prosesə töhvə vermək mümkündür”.
Mədət Məmmədov qeyd edib ki, layihə üç ay müddətində davam edib:
“Bu müddət ərzində modern ailə instutunun inkişaf etdirilməsində medianın rolunu artırılmasını ehtiva edən nəzəri fikirləri araşdırdıq. Toplanmış materiallar ekspertlərin iştirakı ilə ümumiləşdirildi, məqalə halına salınaraq, dərc edildi. Mövzu üzrə 14 məqalə hazırladıq və onlar Metbuat.az saytında xüsusi rubrikada yerləşdirildi. Bu rubrika, təqribən məlumat bazası funsiyasını yerinə yetirə bilər. Məqalələr, orada əks olunan nəzəri və təcrübi bilgilər hər kəs üçün əlçataddır. Oxuyub müzakirə etmək, ailə mövzusunda məqalələr yazmağın vacib məqamları barədə məlumatlar almaq mümkündür”.
Mədət Məmmədov bildirib ki, layihə çərçivəsində Bakı və Mingəçevir şəhərlərində jurnalistlər, QHT təmsilçiləri və sosial media fəallarının iştirakı ilə seminarlar keçirilib:
“Bu seminarlar çərçivəsində xəbər istehsalçılarına ailə mövzusunda məlumat yazmağın incəlikləri aşılanıb”.