Azərbaycanın maliyyə məlumat mübadiləsi 2024-cü ildə 28% azalıb
2024-cü ildə Maliyyə Monitorinqi Xidməti (MMX) 51 ölkənin xarici maliyyə monitorinq orqanlarına 91 sorğu və spontan məlumat göndərib.
Metbuat.az xəbər verir ki, bu barədə Maliyyə Monitorinqi Xidməti (MMX) məlumat yayıb.
Bildirilib ki, bunlar, 2023-cü illə müqayisədə müvafiq olaraq 20,3 % və 27,8 % azdır.
Bu məlumat mübadiləsinin 60 %-i Türkiyə, Gürcüstan, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), ABŞ, Çin, Almaniya, Litva, Polşa, Rusiya və İspaniyanın, 40 %-i isə 40 digər ölkənin payına düşüb.
Ötən il Xidmətə 23 xarici ölkənin maliyyə kəşfiyyatı orqanından 48 məlumat daxil olub ki, bu da əvvəki ilə nisbətən müvafiq olaraq 8 % və 15,8 % azdır. Daxil olmuş məlumatların 14,6 %-i Rusiyanın, 12,5 %-i BƏƏ-nin, 10,4 %-i Qazaxıstanın, hər biri 6,3 % olmaqla Türkmənistan, Ukraniya, Böyük Britaniya və Maltanın, hər biri 4,2 % olmaqla Almaniya və İraqın, hər biri 2,1 % olmaqla Argentina, Baham adaları, Belarusiya, Belçika, Bermuda, Çexiya, Estoniya, Rumıniya, Qabon, Suriya, Gürcüstan, Monako, Pakistan və Tunisin payına düşüb.
Qeyd edək ki, MMX ölkə Prezidentinin 25 may 2018-ci il tarixli fərmanı ilə yaradılıb, dövlət başçısının 18 iyul 2018-ci il tarixli fərmanı ilə isə qurumun nizamnaməsi və strukturu təsdiq edilib. Onun nizamnamə kapitalı 10 min manatdır. Xidmətin əsas məqsədi cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq üçün qanunla müəyyən edilmiş tələblərə riayət olunmasına nəzarət etmək, bu sahədə vahid tənzimləmə həyata keçirmək, monitorinq iştirakçılarının, nəzarət və digər dövlət orqanlarının fəaliyyətini əlaqələndirmək, şəffaflığı və səmərəliliyi təmin etməkdir.