Şirkətə yanğından sonra vergi güzəşti oluna bilər? -
RƏSMİ CAVAB
Xəbər verdiyimiz kimi, avqustun 24-də Qaradağ rayonu ərazisində yerləşən "Sədərək" ticarət mərkəzində yenidən yanğın hadisəsi baş verib. Məlum olub ki, yanğının baş verdiyi anbar tanınmış mağazalar şəbəkəsinə məxsusdur.
Bir müddət öncə mediada həmin mağazalar şəbəkəsinin külli miqdarda vergi borcunun yaranması ilə bağlı məlumat yayılmışdı.
Bəs külli miqdarda vergi borcu olan şirkətə ziyan dəydikdə, şirkət vergi öhdəliklərindən azad oluna bilərmi?
Məsələ ilə bağlı Metbuat.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə sorğu ünvanlayıb. Dövlət Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilmə müddətləri müəyyən hallarda, o cümlədən təbii fəlakət və digər qarşısıalınmaz qüvvə nəticəsində vergi ödəyicisinə zərər dəydikdə Məcəllə ilə nəzərdə tutulmuş müddətdən daha gec vaxta dəyişdirilə bilər.
Qurumdan bildirilib ki, belə hallarda vergi ödəyicisi hadisənin baş verməsi və nəticəsində dəymiş zərərin məbləği barədə müvafiq dövlət orqanlarının arayışlarını təqdim etməlidir.