Siyasət

Rusiyanı narahat edən Ermənistanın Qərbə yaxınlaşmasıdır -

Açıqlama

Metbuat.az

Son dövrlərdə Ermənistanın xarici siyasət kursu diqqətçəkən şəkildə dəyişib. Baş nazir Nikol Paşinyanın rəhbərliyi altında ölkə Qərbə inteqrasiyanı gücləndirir, Avropa İttifaqı ilə əməkdaşlığı genişləndirir, Fransa ilə hərbi əlaqələr qurur və paralel şəkildə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) uzaqlaşma xəttini davam etdirir.

Bu proses fonunda Rusiya isə ənənəvi təzyiq alətlərindən birinə iqtisadi embarqoya müraciət edib.

Metbuat.az xəbər verir ki, politoloq Tural İsmayılov mövzu ilə bağlı açıqlama verib. Onun sözlərinə görə, Rusiya bu addımla İrəvana açıq mesaj verir:


"Ermənistan bazarının böyük hissəsi hələ də Moskvadan asılıdır və bu asılılıq istənilən vaxt siyasi silaha çevrilə bilər. Əslində, bu xəbərdarlıq yalnız Ermənistanla məhdudlaşmır. Kreml eyni zamanda digər postsovet ölkələrinə də siqnal ötürür ki, Qərbə meyl edən hər bir dövlət iqtisadi sanksiya ilə üzləşə bilər. Bu model daha əvvəl Gürcüstan və Moldovada tətbiq edilmişdi, indi isə Ermənistan üzərində sınanır".

Ekspert hesab edir ki, Rusiyanın əsas qorxusu Ermənistanın Qərb institutlarına yaxınlaşmasıdır:

"Bu, Moskvanın regiondakı mövqelərini zəiflədərək balansı dəyişə bilər. Kremlin cavabı isə həm siyasi, həm də iqtisadi təzyiqlərlə özünü göstərir. Ermənistana göndərilən məhsulların geri qaytarılması da bu təzyiq üsullarından sadəcə biridir. Görünən odur ki, Ermənistan-Rusiya münasibətləri yeni bir soyuqluq mərhələsinə qədəm qoyub. Moskva iqtisadi alətlər vasitəsilə İrəvanı nəzarətdə saxlamağa çalışır. Lakin paradoks ondadır ki, bu siyasət Ermənistanı geri addım atmağa məcbur etmək əvəzinə, daha da Qərbə yaxınlaşdırır".