Ölkə

Kimlərə pulsuz mənzil veriləcək?

Metbuat.az

Bəzi vətəndaşların pulsuz mənzillə təminatı 2030-cu ilə qədər davam edəcək.

Metbuat.az-ın məlumatına görə, 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək evə ehtiyacı olduğu üçün qeydiyyata alınmış şəhid ailələri və müharibə ilə bağlı əlil olmuş şəxslər, həmçinin qeydiyyat tarixindən asılı olmayaraq, Çernobıl qəzasının nəticələrinin aradan qaldırılmasında, yaxud hərbi xidmət zamanı əlil olan şəxslər mərhələli şəkildə mənzil və ya fərdi evlə təmin olunacaqlar.

Həmçinin, 16 avqust 2021-ci ilədək uçota alınmış gözdən əlilliyi olan şəxslərlə yanaşı, sosial xidmət və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının da pulsuz mənzillə təmin edilməsi nəzərdə tutulub.

2020-ci il hərbi əməliyyatları zamanı ölkənin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilən şəxslər, şəhid ailələri və “Vətən Müharibəsi Qəhrəmanı” adı verilən şəxslərin ailə üzvləri də imtiyazlı kateqoriyaya daxildir.

Qeyd edək ki, hər il dövlət büdcəsindən bu məqsədlə vəsait ayrılır. İndiyədək postmüharibə dövründə 6,8 min, ümumilikdə isə 16 minə yaxın mənzil və fərdi ev təqdim edilib. 2025-ci ildə isə əlavə 1000 mənzilin verilməsi planlaşdırılır.

Xatırladaq ki, Prezident İlham Əliyev 2021-ci il 25 yanvar tarixli sərəncamda dəyişiklik edərək, bu prosesin hüquqi əsaslarını da genişləndirib.

Sevinc İbrahimzadə / Metbuat.az