Gülbacı Əliyeva idarəetmə sistemlərinin əhəmiyyətindən danışıb
AZSTAND beynəlxalq standartlara uyğun idarəetmə sistemlərinin tətbiqini stimullaşdırmaq və müəssisələrə dəstək vermək məqsədilə yeni yanaşmalar üzərində çalışır.
Mətbuat.az xəbər verir ki, bu fikirləri AZSTAND-ın Uyğunluq qiymətləndirilməsi və idarəetmə sistemlərinin metodologiyası şöbəsinin müdiri Gülbacı Əliyeva “Milli Mətbuatın 150 illik yubileyinə həsr olunmuş Standartlaşdırma sahəsində maarifləndirici seminar”da çıxışı zamanı deyib. Gülbacı Əliyeva uyğunluğun qiymətləndirilməsi və idarəetmə sistemlərinin əhəmiyyəti mövzusunda ətraflı məlumat verib. O qeyd edib ki, uyğunluğun qiymətləndirilməsi yalnız məhsul və xidmətlərin keyfiyyəti ilə məhdudlaşmır, istehsalat proseslərinin şəffaflığı və səmərəliliyinin təmin edilməsində də vacib rol oynayır.
Çıxışında o, uyğunluğun qiymətləndirilməsi sistemlərinin müəssisələrin ixrac potensialının artırılması və daxili bazarda istehlakçı etimadının möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib. Seminar iştirakçıları onun təqdim etdiyi metodoloji izahları praktik baxımdan faydalı və yüksək dəyərləndiriblər.
Gülbacı Əliyeva həmçinin standartlaşdırma prosesində şəffaflıq prinsipinin önəmini vurğulayaraq bildirib: “Birinci prinsip şəffaflıqdır. Bu, bütün maraqlı tərəflərin könüllü iştirakı, qərarların açıq şəkildə qəbul edilməsi və informasiyanın hər kəs üçün əlçatan olması deməkdir.”