Azərbaycanda hotellər üç prinsip üzrə idarə olunur -
Ceyhun Aşurov
"Hazırda Azərbaycanda 800-ə yaxın hotel fəaliyyət göstərir".
Metbuat.az xəbər verir ki, bu barədə "Smart Hotels Group"un rəhbəri Ceyhun Aşurov Milli Brendlərin Pərakəndə Zirvəsinin panel müzakirəsində deyib.
O, hotellərin əsasən üç əsas prinsip üzrə idarə olunduğunu söyləyib:
"1. Françayzinq sistemi ilə beynəlxalq bir brend yerli bazara daxil olur və hotel həmin brendin standartlarına uyğun şəkildə fəaliyyət göstərir.
2. İcarə əsaslı idarəetmə – bu halda şirkət və ya şəxs hoteli icarəyə götürür və öhtəlikləri yerinə yetirir. Aylıq və ya illik icarəni ödəməklə, hotelin idarəetməsində tam səlahiyyət sahibi olurlar.
3. İdarəçilik müqaviləsi ilə hotelin sahibi başqa bir mütəxəssis və ya şirkətlə müqavilə bağlayaraq hotelin idarə olunmasını onlara həvalə edir. Sahibkar investisiya qoyur, amma idarəetməni ixtisaslaşmış komanda həyata keçirir".
C.Aşurov bildirib ki, şirkət olaraq Turizm və Menecment Universitetinin rəsmi filialı kimi fəaliyyət göstərirlər:
"Hər il 50-60 tələbəni təcrübə proqramına qəbul edirik. Onlar 2-3 ay müddətində real iş mühiti ilə tanış olur, praktiki bacarıqlar qazanırlar. Hər həftə sənayedə çalışan mütəxəssislər tələbələrlə görüşür, onlara tövsiyələr verir, peşəkar təcrübələrini bölüşürlər. Biz burada bir körpü rolunu oynayırıq, gələcəyin turizm mütəxəssislərini bu gündən tanımağa çalışırıq. Əgər onların içində turizm sahəsində çalışmağa həvəsli olanlar varsa, biz onları işlə təmin etməyə də çalışırıq. Hətta bəzən sektorda çalışan digər əməkdaşlar da bizə müraciət edir və deyirlər ki, "o tələbə hələ işi tam bilməsə də, biz onu öyrədəcəyik".
Sevinc İbrahimzadə / Metbuat.az