Ölkə

İki əsr əvvəlki Bakının fotoşəkilləri nümayiş olunacaq

Metbuat.az

Dənizkənarı Bulvar İdarəsi tərəfindən bu gün saat 18:00-da Dənizkənarı Milli Parkda “Bakı bulvarının tarixi fotoşəkillərdə” adlı sərginin açılış mərasimi keçiriləcək.

Dənizkənarı Bulvar İdarəsindən Publika.az-a verilən məlumata görə, adı çəkilən sərgi Dənizkənarı Bulvara ümummilli lider Heydər Əliyev tərəfindən “Bakı şəhərindəki Dənizkənarı bulvara Milli Park statusu verilməsi haqqında” fərmanının 20 illiyinə həsr edilib. Sərgidə nümayiş etdirilən 104 ədəd fotoşəklin əksəriyyəti ilk dəfə olaraq ictimaiyyətə təqdim olunur. Şəxsi kolleksiyalardan, xarici və yerli arxivlərdən toplanaraq yüksək keyfiyyətlə bərpa edilən orjinal fotoşəkillər dənizkənarı sahilin və Bakı bulvarının 1861-ci ildən 1990-cı illərə kimi tarixini əhatə edir. Sərgidə Bakı şəhərinin dənizdən çəkilmiş ilk fotoşəkillərinin də (1860-cı illər) nümayişi nəzərdə tutulur. Tədbirin keçirilməsində əsas məqsəd Bakı bulvarının tarixi inkişaf mərhələlərinin əyani surətdə nümayişi və eyni zamanda vətəndaşların, xarici turistlərin bu sahədə maariflənməsinə xidmət edir. Gələcəkdə də Dənizkənarı Bulvar İdarəsi tərəfindən bu kimi sosial layihələr davam etdiriləcəkdir. Sərgi 2019-cu ilin mart ayının sonuna kimi davam edəcək. Sərgiyə giriş sərbəstdir.