Dövlət Miqrasiya Xidməti üç gün ərzində qanunsuz miqrasiya edən 83 əcnəbini saxlayıb
Son üç gün ərzində Dövlət Miqrasiya Xidməti (DMX)
tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı
ümumilikdə 83 nəfər əcnəbi saxlanılıb.
DMX-dən Publika.az-a verilən məlumata görə,
saxlanılmış şəxslərdən 11-nin qeydiyyat ünvanı üzrə yaşamadıqları,
6-nın gəlişinin bəyan edilmiş məqsədinə uyğun olmayan fəaliyyətlə
məşğul olduqları, 1-nin əvvəllər Azərbaycan Respublikasının
hüdudlarından kənara çıxarılaraq girişinə məhdudiyyət qoyulduğu,
lakin əcnəbinin bilərəkdən sənədlərində dəyişiklik edərək yenidən
ölkəyə daxil olduğu, digər 65 nəfərin isə ölkə ərazisində qanunsuz
yaşadıqları müəyyən edilib.
Saxlanılmış əcnəbilərdən 65-nin barəsində inzibati qərarlar qəbul
edilib, digər əcnəbilərin Azərbaycan Respublikası hüdudlarından
kənara çıxarılması istiqamətində müvafiq tədbirlər görülür.
DMX qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində tədbirlər davam etdirir.