Bu peyk Azərbaycanın alınmaz qalalarından biridir - Aydın Quliyev
“Azərbaycan peykini orbitə buraxmaqla Birləşmiş Millətlər Təşkilatında çox az sayda olan kosmik dövlətlər sırasına qoşuldu. Üçüncü peykini orbitə buraxmaqla isə dünyada kosmik dövlətlərin üzv olduğu “Kosmik ölkələr klubu”nda öz yerini möhkəmləndirdi”.
Bu sözləri Publika.az-a açıqlamasında “Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev “Azərspace 2”nin orbitə buraxılmasının əhəmiyyətini şərh edərkən deyib.
A.Quliyev ilk peykin orbitə buraxılması zamanı mövcud şübhələrdən də danışıb:
“Azərbaycan ilk kosmik peykini orbitə buraxanda onun kommersiya, siyasi-iqtisadi tərəflərinin davamlı olacağına şübhə edənlər var idi. Bu gün artıq üçüncü peykin orbitə buraxılması göstərdi ki, Azərbaycanın daha uzunmüddətli kosmik layihələrin həyata keçirilməsi üçün yetərli iqtisadi, maliyyə və siyasi potensialı var. Üçüncü peykin orbitə buraxılması kommersiya tərəfləri ilə yanaşı ölkəmizin informasiya təhlükəsizliyinin qorunmasında əlavə texniki, həm də çox etibarlı texniki təminatın yaranması deməkdir. Peyk çox böyük texniki göstəricilərə malikdir. Ölkəmizə dünyanın müxtəlif regionlarda gedən prosesləri müşahidə etmək imkanı verəcək. Peyk ölkəmiz haqqında ən dəqiq və dolğun informasiyaların dünya ictimaiyyətinə çatdırılmasına xidmət edəcək. Efir məkanımıza ziyanlı və təxribatçı informasiyaların daxil edilməsi imkanları bundan sonra xeyli məhdudlaşdırılacaq. İnformasiya məkanın müdafiə olunması bizim əsas strateji hədəflərimizdən biridir. Bu peyk Azərbaycanın informasiya məkanın təhlükəsizliyində alınmaz qalalardan birinə çevrilir”.