“Aşura günü azyaşlıların məsciddə nə işi var?!” - Nardaranlı axund
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) verdiyi fətvaya görə, sentyabrın 20-də ölkə ərazisində Aşura günü qeyd olunacaq.
Hər il olduğu kimi bu il də Nardaran kəndlərində
keçiriləcək Aşura mərasimləri diqqət mərkəzindədir. Çünki burada
keçirilən Aşura mərasimləri daha çox bədənin müxtəlif hissələrinə
edilən xəsarətlərlə yadda qalıb.
Bəs bu il Nardaranda Aşura mərasimi necə keçiriləcək?
Xüsusilə azyaşlılar mərasimə buraxılacaqmı?
Publika.az bildirir ki, Nardaranda yerləşən "Rəhim xanım
məscidi"nin axundu hacı Musa Qasımov modern.az-a açıqlamasında
Aşura günü ilə bağlı bəzi sualları cavablandırıb. Axundun sözlərinə
görə, bu il də Aşura günündə Nardaranda zəncir vurmaq
olmayacaq.
"Artıq bir neçə ildir ki, Nardaranda zəncir vurmaq, sinə döymək
kimi hərəkətlər yoxdur. İnsanlar adi qaydada Məhərrəmlik ayinlərini
icra edirlər. Həmçinin, bu cür məsələlər nəzarət altında olur. Bu
il də zəncir vurub sinə döyməyəcəklər"
Məscidin axundu qanvermə aksiyasından da söz açıb.
"Nardaranda da qanvermə aksiyası keçiriləcək. Düşünürük ki, qan
vermək savab işdir. Hər il olduğu kimi, bu il də qanvermə aksiyası
istisna deyil".
Musa Qasımov azyaşlı və məktəb yaşında olan uşaqların Aşura mərasiminə qatılmasına da münasibət bildirib.
"Azyaşlıların məsciddə nə işi var?! Əgər məktəb yaşındadırlarsa, onların yeri məktəbdir, məscid deyil. Aşura mərasiminə uşaqların ataları, babaları, anaları gələ bilər. Məktəb uşaqları gedib dərsləri ilə məşğul olsunlar. Çünki artıq uşaqların Aşura mərasiminə qatılması xüsusi nəzarət altınadır".
Axund Aşura günü təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə də toxunub.
"Bu il də Aşura günü Nardaranda təhlükəsizlik tədbirləri
gücləndiriləcək. Çünki kənardan gələn insanlar da olur. Ona görə də
polis gücləndirilmiş rejimdə insanların təhlükəsizliyini təmin
edəcək"
Qeyd edək ki, Məhərrəmlik ayına sentyabrın 11-də strat verilib.