Abidin cavabı sultanı xəcalətli etdi
Səlcuq sultanlarından biri abidlərdən birinin evinə gedir. Abid isə ibadət ilə məşğul idi. Ona görə başını qaldırrmır və ona öz ehtiramını göstərmir.
Milli.Az deyerler.org-a istinadən bildirir ki, abidin bu halı sultanı qəzəbləndirir və abidə deyir: "Məgər sən bilmirsən ki, mən kiməm? Mən o qüdrətli sultanam ki, filan itaətsizi belə öldürmüşəm. Filankəsi zəncirə vurmuşam. Filan ölkələri zəbt etmişəm!".
Abid gülür və deyir: "Mən səndən qüdrətliyəm. Çünki mən elə kəsi öldürmüşəm ki, sən hələ də onun əsirisən".
Şah istehza ilə gülümsəyib deyir: "O, kimdir ki?".
Abid deyir: "O, nəfsdir. Mən öz nəfsimi öldürmüşəm, ancaq sən hələ də əmmarə nəfsinin əsirisən. Əgər əsir olmasaydın, məndən istəməzdin ki, sənin qarşında səcdəyə gedəm və Allahın ibadətini ortada kəsəm. O kəsə sitayiş edim ki, mənim kimi insandır.
Sultan bu sözləri eşidən zaman üzr istəyir və xəcalətli halda çıxıb gedir.
Milli.Az