Ölkə

Nazirlik: "Su ehtiyatlarından səmərəli şəkildə istifadə edilməlidir"

Metbuat.az

"Kür-Araz ovalığının da Abşeron yarımadası kimi düzən zonaları quraq ərazilərdə yerləşdiyi üçün yerli su ehtiyatlarımız məhdud saydadır".

Publika.az xəbər verir ki, bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova nazirliyin bu gün keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, bütün sahələrdə su ehtiyatlarından səmərəli və qənaətlə istifadə olunmalıdır:

"Təəssüf hissi ilə deməliyəm ki, bu gün ölkədə ağacların sulanmasında, avtomobillərin yuyulmasında və bir sıra digər işlərdə içməli sudan istifadə edilir. Bu isə israfçılıqdır. Çalışmalıyıq ki, sudan istifadə zamanı itkiyə az yol verilsin. İçməli suya daha çox qənaət göstərilməli, ondan texniki məqsədlərlə istifadəyə yol verilməməlidir. Bu yalnız dövlət qurumları üçün deyil, bütün istifadəçilər və əhali üçün də keçərlidir".

İradə İbrahimova çıxışı zamanı onu da əlavə edib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyətinin əsas istiqamətlərindən biri də əhali arasında bu istiqamətdə geniş maarifləndirici təbliğatların aparılmasıdır:

"Nazirlik tərəfindən su ehtiyatlarından səmərəli və qənaətlə istifadə olunması məqsədilə maarifləndirici video-çarx hazırlanıb. Ümid edirik ki, KİV-lər video-çarxın yayımlanmasında yaxından iştirak edəcək və bu kampaniyaya dəstək verəcəklər".

Könül