Hikmət və mərifətlərlə zəngin “Səhifeyi Səccadiyyə”
Səhifeyi Səccadiyyə İmam Zeynul Abidinə (ə) məxsus olan, İlahi hikmət və mərifətlə zəngin olan bir kitabdır. Kitab insanın elm, əxlaq və mənəviyyatında xüsusi yerə malik olduğu üçün müsəlmanlar tərəfindən böyük rəğbətlə qarşılanır. Bu səbəbdən insanlar bu kitaba müxtəlif adlar vermişlər. Bunlardan "Uxtul-Quran" (Quranın bacısı), Ali Muhəmmədin (s) Zəburu, "Kamil Səhifə" və bu kimi digər gözəl adları qeyd etmək olar.
Milli.Az islaminsesi.info-ya istinadən bildirir ki, bu kitabda İmam Səccada (ə) məxsus 54 dua və münacat mövcuddur. Bu dualar insana dua ədəbini, müəyyən mövzuların əhəmiyyətini, diqqət olunmalı əhəmiyyətli mətləbləri öyrədir. Bu səbəbdən Quran və Nəhcül-bəlağədən sonra üçüncü dəyərli kitab hesab olunur.
Bu kitab təkcə dua kitabı deyil həmçinin maarif kitabı da hesab olunur. Çünki kitabda Allah Təalanı müxtəlif ad və sifətlərlə çağırır, Onun qüdrət və hikmətinə işarə edir, Peyğəmbərin (s) risalət məsələlərinə toxunur, bunlarla yanaşı elmi, siyasi, əqidəvi, əxlaqi, fiqhi, tibbi və bir çox məqamları işıqlandırır.
Bu kitabın İmam Səccada (ə) yetişməsini bütün böyük şiə alimləri, o cümlədən bir çox əhli sünnə alimləri təsdiq edir. Ayətullah Mərəşi Nəcəfi h. 1353-cü ildə bu kitabın bir nüsxəsini "Təntavi" təfsirinin müəllifi kimi tanınan, əhli sünnə alimi Təntaviyə göndərir. Kitabla tanış olan əhli sünnə alimi kitabı " Allah kəlamından aşağı, bəşər kəlamından yuxarı kəlam adlandırır".
Kitabın ərsəyə gəlməsində üç İmamın: İmam Zeynul Abidinin, İmam Baqirin və İmam Sadiqin (ə) əməyləri olub. İmam Baqir (ə) atasından (ə) eşitdiyi o hikmət dolu dəyərli kəlimələri yazmış və övladlarına tövsiyyə etmişdir.
Milli.Az